Qədr gecəsində nə etməli? - İlahiyyatçı AÇIQLADI

 20:02 24.05.2019     1033

Bu gecə Ramazan ayının ilk Qədr gecəsidir.

Qədr gecəsində edilə biləcək əməllərlə bağlı ilahiyyatçı Hacı Surxay Məmmədli Redaktor.az-a açıqlama verib.

O, qeyd edib ki, Qədr gecəsi çox bərəkətli bir gecə olması ilə digər gecələrdən  seçilir:

“Qurani-Kərimdəki “Qədr” surəsində Allah-Təala bildirir ki, bu gecə min aydan daha xeyirli, daha fəzilətlidir. Bir insan ömrü təqribən 80 il hesablanırsa, min ay da bu müddəti əhatə edir. Yəni Qədr gecəsi bir ömürdən daha faydalı olan bir gecədir. Qədr gecəsində Allaha yaxınlaşmaq lazımdır. Allah-Təala deyir ki, bu gecədə qapıma gələn heç kimi əliboş geri qaytarmaram.

Qədr gecəsi xüsusi gecədir.

Qədr gecəsi “Qurani-Kərim”in nazil olduğu gecədir. Qədr gecəsinin tarixi 3 gün qeyd edilsə də, hansı gecəyə təsadüf etməsi dəqiq məlum deyil.  Rəsulullah (s. a. v.) vəfat edənə qədər Ramazan ayının axırıncı 10 günündə etikafa gedər və belə deyərdi: “Qədr gecəsini Ramazanın sonuncu 10 günündə axtarın”.

Qədr gecəsində 2 rukət namaz qılına bilər.

Əhya gecələrində iki rükət namaz qılmaq olar. Niyyət edərkən "Qədr gecəsinin namazını qılıram qürbətən iləllah" demək lazımdır.  Hər rükətdə "Fatihə" surəsindən sonra 7 dəfə "İxlas" surəsini oxumaq və axırda 70 dəfə istiğfar etmək ("Əstəğfirüllahə və ətubü ileyh") tövsiyə olunur. Peyğəmbər buyurub ki, bu namazı qılan adam yerindən qalxmazdan öncə  Allah onun özünün və ata-anasının günahlarını bağışlayar. Lakin bu namaz vacib deyil. Yəni, istəyən şəxs qıla bilər. Qədr gecəsində çoxlu Quran oxumaq, sədəqə vermək, öz səhvlərini və  xətalarını etiraf etmək, keçmişini təftiş edərək özünə hesabat vermək və bağışlanmağını diləmək lazımdır.

Qədr gecəsində oyaq qalmaq üçün yaş limiti yoxdur.

Qədr gecəsində istənilən şəxs oyaq qala bilər. Uşaqların Qədr gecəsinə qalmasında böyük savab var.  Qədr gecəsi ilə bağlı hansısa yaş məhdudiyyətindən söhbət gedə bilməz. Uşaqların oyaq qalması əsasən, maarifləndirmə xarakterlidir.

Qədr gecəsini məsciddə keçirmək daha məqsədəuyğundur.

Qədr gecəsinin məsciddə və ya evdə keçirilməsində hansısa məhdudiyyət yoxdur.  Sadəcə olaraq, Qədr gecəsində məsciddə olmağın savabı daha çoxdur. Orada edilən ibadətlərin və duaların qəbulu birə mindir”.

Qeyd edək ki, bu il Qədr gecələri may ayının 24-dən - 25-nə; 26-dan 27-nə və 28-dən 29-na keçən gecələrə təsadüf edir.

Gülşən Şərif / Redaktor.az