Həbsxanaya qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alınıb

 15:23 27.05.2019     296

Bakı İstintaq təcridxanasına və 11 saylı Cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Redaktor.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən həbs edilmiş şəxs Məmmədov Murad Həmzə oğlu Bakı İstintaq təcridxanasına qəbul olunarkən üzərinə baxış keçirilən zaman alt paltarında gizlədilmiş 1 ədəd mobil telefon funksiyalı “Smart-Watch” markalı qol saatı və 1 ədəd danışıq kartı aşkar edilib.

Cinayət Məcəlləsinin 181.3.2; 177.2.2; 66.3; 317.2.1 və 67.1-ci maddələrinə əsasən 5 il 8 ay müddətinə azadlıqdan məhrum edilmiş və hazırda 11 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Hüseynov İlham Nəbi oğluna qohumu Bakı şəhər sakini Lələyev İlqar Şirqasım oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman 1 ədəd şampun qabının içərisində gizlədilmiş 11 ədəd rəngli şəffaf selofan bükülüdə 9,207 qram narkotik vasitə olan heroin aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.