Vahid məktəbli geyim formalarının təsvirləri 6 ay ərzində təsdiqlənəcək

 13:55 02.06.2019     262

Vahid məktəbli geyim formalarının təsvirləri 6 ay ərzində təsdiqlənəcək.

Redaktor.az-ın ona.az-a istinadən məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə" fərmanda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti 6 ay müddətində dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirlərini müəyyən etməli və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Qeyd edək ki, “Ümumi təhsil haqqında”  qanuna əsasən, dövlət ümumi təhsil müəssisəsində təhsilalanlar üçün geyim formaları tətbiq edilməlidir. Təhsil nazirinin müavini İdris İsayev 4-5 vahid məktəbli geyiminin formalarının təsdiqlənəcəyini və təhsil müəssisələrinin yalnız bu geyimlərdən istifadə edə biləcəklərini bildirib. Qərar qəbul edildikdən sonra heç bir məktəb bu qaydadan kənara çıxmamalıdır.