Fitrə zəkatı nə vaxt verilməlidir? - İlahiyyatçı açıqladı

 15:45 04.06.2019     687
Ramazan ayının əsas əməllərdən biri də fitrə zəkatının verilməsi hesab olunur. 
 
Ramazanda hər bir müsəlmanın boynuna düşən vacib əməllərdən biri, fitrə zəkatı ilə bağlıdır. Fitrə zəkatını kimlərə vermək laızmdır?
 
Hacı Surxay Məmmədli Redaktor.az-a açıqlamasında bildirib ki, fitrə zəkatı ehtiyacı olan insanlara verilməlidir:
 
“Bu gün bayram axşamı, yəni Ramazan ayının bitdiyi gündür. Ramazan ayı bitəndən sonra Şəvval ayının 1-i Fitr bayramı hesab olunur. Bu gün nəfslə mübarizənin 1 ayı qeyd edilir. Maddi durumu yaxşı olmayan insanlara fitrə zəkatının verilməsi məqsədəuyğundur. Fitrə zəkatı ailə üzvlərinin hər birinin adından 3 kiloqram arpa, buğda, xurma, kişmiş, düyü və s. ərzaq növlərindən verilir. Pulla əvəz etmək istəyənlər isə minimum 5 manat məbləğində zəkat verə bilər. Fitrə zəkatının iyunun 4-də axşam saatlarından iyunun 5-dək, saat 08:00 və ya 09:00-a radələrinə qədər çıxarılması vacibdir. Fitrə zəkatından başqa, Ramazanda paylaşma anlayışı var. Küsülü şəxslərin barışması, ehtiyacı olanın yanında olmaq və rəhmətə gedənlərin qəbrini ziyarət etmək təqdirəlayiq haldır”. 
 
İlahiyyatçı bildirib ki, fitrə zəkatının verilməsində yaş məhdudiyyəti yoxdur.  İstənilən şəxs fitrə zəkatı verə bilər. Bu zəkatı vermək isə üzərimizə düşən vəzifədir. 
 
Qeyd edək ki, bu gün Ramazan ayının sonuncu günüdür. 
 
Gülşən Şərif/ Redaktor.az