Bu çimərliklər istifadəyə yararsızdır - Nazirlikdən açıqlama

 17:16 04.06.2019     684

“Türkan, Hövsan, Şıx, Sahil və Sumqayıt çimərlikləri istifadəyə yararsızdır”.

Redaktor.az xəbər verir ki, bunu  Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov açıqlamasında bildirib.

O, qeyd edib ki, hazırda Xəzər dənizinin Cənub və Şimal bölgələrində də monitorinqlər həyata keçirilir, su və dib çöküntüləri nümunələri üzərində təhlillər aparılır:

“Çimərlik mövsümünün başlanması ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri ilə  birgə çimərlik sahələrində monitorinqlər keçirib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb. Analizlərin nəticələrinə görə, Xəzər rayonu Türkan, Suraxanı rayonu Hövsan, Səbail rayonu Şıx, Qaradağ rayonu Sahil qəsəbəsinin və Sumqayıtın çimərliklərində zərərli maddələrin miqdarı normadan artıqdır. Bu səbəbdən vətəndaşların qeyd olunan çimərliklərdən istifadə etmələri məqsədəuyğun deyil. Bilgəh, Mərdəkan, Nardaran, Novxanı, Pirşağı, Zaqulba, Şüvəlan və Buzovna çimərlikləri istifadəyə yararlıdır”.

Bu çimərlikərdə çimmək təhlükəli sayılır:

“Bəzi çimərliklərdə çirklənmə o həddə çatıb ki, insanların orada çimməsi təhlükəli hesab olunur. Xəzər dənizinin çirkləndirilməsinin fəsadları və əhaliyə birbaşa təsirləri indi, çimərlik mövsümünün başlaması ilə daha qabarıq görünür. Xəzərin çirkləndirilməsinin qarşısının alınması üçün hüquqi və fiziki şəxslərə, obyekt sahiblərinə etdiyimiz çağırışların, xəbərdarlıqların məqsədi yəqin ki, indi daha da aydın görünür. Çağırış edəndə ki, tullantı sularını dənizə axıtmayın, təmizləyici qurğular quraşdırın, məqsədimiz bu idi ki, insanlarımız təmiz çimərliklərdə istirahət etsinlər. Təəssüf ki, bu gün nəticələr elə də ürəkaçan deyil. Dənizi çirkləndirənlər bilməlidirlər ki, onların yaxınları da dənizdə istirahət edəcək və çimmək istəyəcək. Heç olmasa bundan sonra öz işlərində dönüş yaratsınlar, çirkab suları təmizləmədən dənizə axıtmasınlar”.

Gülşən Şərif/ Redaktor.az