DİQQƏT! Ovçulara xəbərdarlıq edildi...

 17:05 04.06.2019     354

2019-2020-ci illərin ov mövsümü iyunun 10-dan  etibarən açıq elan edilib.

“Ov mövsümünün açılması istənilən yerdə ov edilməsinə icazə demək deyil”.

Redaktor.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova açıqlamasında qeyd edib.

O, bildirib ki, ov mövsümünün açılması ovçuların qanunsuz əməllərinin sayını artırıb:

“Vaxtaşırı icazəsiz ov edən şəxslər saxlanılır, cərimə edilir. Kiminsə cərimələnməsində maraqlı deyilik. Buna görə də, ov turizmi ilə məşğul olanların bir çoxunun qaydaları bilmədiklərini və yaxud əməl etmədiklərini nəzərə alaraq, il ərzində ov qaydaları barədə tez-tez maarifləndirici məlumatlar veririk. Məqsədimiz ov qaydalarından, qoyulan tələblərdən ovçuları xəbərdar etməkdir”.

Qurum rəsmisi bildirib ki, qaydaları pozmamaq üçün ovçu icazə bileti almalı, icazə verilən əraziləri, ovuna icazə verilən heyvan növlərini və növlərin hansı müddətlərdə ovlanmasını bilməlidir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ovçuluğa Dövlət Nəzarəti Xidmətinin rəisi Füzuli Məmmədov isə bildirib ki, ova icazə verilərkən heyvanat aləminin bioloji xüsusiyyətləri əsas götürülür:  

“Vəhşi heyvan və quşların ovuna icazə verilərkən ilk növbədə, onların bioloji xüsusiyyətləri əsas götürülür. Yəni, vəhşi heyvan və quşların çoxalma və balalama dövründə ov fəaliyyətinə icazə verilmir. Buna görə də heyvan və quşların ov icazəsi müddətləri ciddi fərqlənir. Bəzi növlərə mövsümün əvvəlində, bəzilərinə isə sonunda icazə verilir və ya bir sıra növlərin ovlanma müddəti cəmi 1,5-2 ay olduğu halda, digər növləri 4-5 ay ərzində ovlamaq olar”.

Ov turizmi ilə məşğul olanlara bir daha müraciət edirik ki, ov qaydalarına ciddi əməl etsinlər, icazə olmayan yerlərdə - sərhədyanı və ya cəbhə zonasına yaxın inzibati rayonların ərazilərində, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, şəhərlərin və kurortların ətrafında yerləşən ən azı 1,5 kilometrə qədər sahələrdə, xüsusi mühafizə olunan ərazilərin daxilində və sanitariya-mühafizə zonalarında ov etmək qadağandır.

Qeyd edək ki, 2019-2020-ci illərin ov mövsümü iyunun 1-dən etibarən açıq elan edilib. Ov mövsümü 2020-ci il martın 7-dək davam edəcək.

Gülşən Şərif/ Redaktor.az