Prezident İlham Əliyevə Respublika Günü ilə bağlı təbriklər gəlməkdə davam edir

 21:02 04.06.2019     355

Küveyt Dövlətinin Vəliəhdi Nəvaf əl-Əhməd əl-Cabir əl-Sabah Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Zati-aliləri. Dost ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə böyük məmnunluq hissi ilə ən xoş təbriklərimi çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək, Sizə cansağlığı və səadət, dost ölkənizə və onun xalqına davamlı tərəqqi və rifah arzulayıram.

Xahiş edirəm, Zati-alinizə yüksək ehtiramımı qəbul edin".

XXX

Gürcüstanın Baş naziri Mamuka Baxtadze Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb:

"Zati-aliləri. Respublika Günü münasibətilə Sizi Gürcüstan hökuməti adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan xalqı müstəqillik yolunda çoxlu çətinliklərdən keçdi. Bu gün Azərbaycan Respublikası inkişaf etmiş uğurlu dövlətdir və beynəlxalq arenada xüsusi yerə malikdir.

Gürcü və Azərbaycan xalqları arasında mehriban qonşuluq münasibətləri və səmərəli əməkdaşlıq uzun əsrlər boyu davam etməkdədir. Biz bu gün də dostluq əlaqələrini birlikdə möhkəmləndirməyə və uğurlu strateji tərəfdaşlığımızı inkişaf etdirməyə çalışırıq. Bu isə xalqlarımızın tərəqqisi və əmin-amanlığı üçün bir zəmindir. Azərbaycanın sabitliyi və inkişafı Gürcüstan üçün həm ikitərəfli, həm də regional əməkdaşlıq baxımından olduqca vacibdir.

Cənab Prezident, bir daha Sizə öz dərin ehtiramımı ifadə edir və qardaş Azərbaycan xalqına əmin-amanlıq, uğurlar diləyir və ən xoş arzularımı çatdırıram".

XXX

Bruneyin Sultanı Hacı Həssənal Bolkiahdan:

"Zati-aliləri. Əs-səlamu aleykum va rahmatullahi va barakatuhu.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Ölkələrimiz arasındakı mehriban dostluq münasibətlərini yüksək qiymətləndirirəm. Ümidvaram ki, əməkdaşlığımız həm ikitərəfli, həm də beynəlxalq müstəvidə daha da inkişaf edəcəkdir.

Sizə ən xoş arzularımı çatdırır, möhkəm cansağlığı və xoşbəxtlik diləyirəm.

Vəssalamu aleykum va rahmatullahi va barakatuhu".

XXX

Cibuti Respublikasının Prezidenti İsmail Ömər Qellehdən:

"Zati-aliləri, cənab Prezident. Dost Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə cansağlığı, xoşbəxtlik, xalqınıza isə inkişaf, rifah arzu etməkdən şərəf və böyük məmnunluq hissi duyuram. Bu təbriklərə Cibuti Hökuməti və xalqı da qoşularaq, Azərbaycan xalqına rəğbət və dostluq duyğularını ifadə edirlər.

Son illərdə ölkələrimiz arasında qarşılıqlı əməkdaşlıq səviyyəsinin yüksəlməsindən qürur duyuruq. Şübhəsiz ki, ölkələrimiz arasında bu əhəmiyyətli yaxınlaşma digər amillərlə yanaşı, xalqlarımızın böyük oxşarlıqlarını xarakterizə edən məhsuldar zəmin üzərində qurulmuşdur.

Zati-aliləri, Sizi əmin edirəm ki, Cibuti Hökuməti və xalqı ölkələrimiz arasında münasibətləri möhkəmləndirmək üçün hər zaman və hər cür dəstək verməyə hazırdırlar.

Cənab Prezident, bir daha Sizə və bütün Azərbaycan xalqına ən xoş arzularımı çatdırır, milli bayramınız münasibətilə ən səmimi qardaşlıq salamlarımı qəbul etməyinizi xahiş edirəm".

XXX

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Zati-aliləri. Milli bayramınız - Respublika Günü münasibətilə Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq hissi duyuram.

Dünyanın bu çətin dönəmində beynəlxalq əməkdaşlığa əvvəlkindən daha çox ehtiyac duyulur. “Biz - xalqlar” şüarı altında xoş məramla bir araya gələrək sülhü, davamlı tərəqqini və insan hüquqlarını dəstəklədikdə bütün dünya ölkələri bundan faydalanır.

Sizin bu milli bayramı qeyd etdiyiniz bir vaxtda mən Birləşmiş Millətlər Təşkilatının daha da möhkəmləndirilməsi və daha gözəl gələcək naminə səylərimizin gücləndirilməsi istiqamətində ölkənizin fəal dəstəyinə arxalanıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

XXX

Maldiv Respublikasının Prezidenti İbrahim Məhəmməd Solihdən:

"Zati-aliləri. Milli bayramınız - Respublika Günü münasibətilə Sizi, Azərbaycan Hökumətini və xalqını Maldiv Hökuməti və xalqı adından, həmçinin öz adımdan səmimi qəlbdən təbrik edir və ən xoş arzularımı çatdırıram.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına daimi inkişaf və rifah arzu edirəm".

XXX

Misir Parlamentinin Birinci vitse-spikeri, Seyidlər İttifaqının sədri Seyyid Mahmud Şərifdən:

"Zati-aliləri. Allah Sizi qorusun. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ildönümü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan xoşhal olur və şərəf duyuram. İzzət və Cəlal sahibi olan Allahdan Zati-alinizə cansağlığı və uzun ömür, qardaş Azərbaycan xalqına isə davamlı inkişaf, rifah və ucalıq arzulayıram. Allahın salamı, mərhəməti və bərəkəti üzərinizdə olsun!"

XXX

Laos Xalq Demokratik Respublikasının Prezidenti Bounyanq Voraçit Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Zati-aliləri.

Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına Laos xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaq istəyirəm.

Əminəm ki, Laos Xalq Demokratik Respublikası ilə Azərbaycan Respublikası arasındakı münasibətlər və əməkdaşlıq əlaqələri hər iki xalqın mənafeyi naminə bundan sonra da möhkəmlənəcəkdir.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".