Bu mübahisələrə kommersiya məhkəmələri baxacaq

 10:57 07.06.2019     195

Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə kommersiya məhkəmələri baxacaq.

Redaktor.az-ın apa.az-a istinadən verdiyi məlumata görə, bununla bağlı Mülki Prosessual Məcəllənin 26-cı maddəsinin yeni redaksiyada verilməsi təklif edilir.

Dəyişikliyə əsasən, sənədin 26-cı maddəsi (Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti) aşağıdakı kimi verilir:

26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır;

26.2. Bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda, bu Məcəllənin 35 və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə kommersiya məhkəmələri baxır;

26.3. Kommersiya məhkəmələri qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.

Məcəllənin hazırkı variantı isə belədir: 

Maddə 26. Mübahisələrin inzibati-iqtisadi məhkəmələrə aidiyyəti 

 26.1. İdarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında, yaxud vergi orqanının qaldırdığı iddialar ilə bağlı vergi orqanı ilə vergi ödəyicisi arasında iqtisadi mübahisələr üzrə işlər mülki icraat qaydasında inzibati-iqtisadi məhkəməyə aiddir.

26.2. İnzibati-iqtisadi məhkəmədə baxılan iqtisadi mübahisələrə bu Məcəllənin 26.1-ci maddəsində göstərilən subyektlər arasındakı aşağıdakı mübahisələr aiddir: 

26.2.1. qanunla nəzərdə tutulan müqavilələr üzrə ixtilaflara dair və yaxud tərəflərin razılığı ilə ixtilafın inzibati-iqtisadi məhkəmənin həllinə verilməsi barədə mübahisələr; 

26.2.2. müqavilələrin dəyişdirilməsi və ya ləğv olunması barədə mübahisələr;

26.2.6. müəssisənin təsis sənədlərinin etibarsız hesab edilməsi barədə mübahisələr;

26.2.7. hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr;

26.2.8. vergi ödəmələri barədə, habelə hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması, yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə mübahisələr.

26.3. İnzibati-iqtisadi məhkəmələr qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxa bilər.

Qeyd edək ki, Prezident İlham Əliyevin 3 aprel tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanında sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar digər məsələlərə dair işlər üzrə ixtisaslaşmış məhkəmənin yaradılması göstərilmişdi.

Bu qanun 1 yanvar 2020-ci il tarixindən qüvvəyə minəcək.