Özlərini FHN-in əməkdaşı kimi təqdim edərək dələduzluq edən ər-arvad saxlanılıb

 18:11 07.06.2019     289

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü mütərəqqi siyasətin bir hissəsi olaraq ölkəmizdə baş verən müxtəlif təbii və texnogen xarakterli fövqəladə hadisələrdən zərər çəkən vətəndaşların sağlamlığına və mülkiyyətinə dəyən ziyanın aradan qaldırılması ilə bağlı yüksək səviyyədə dövlət dəstəyi göstərilir. Son illər ardıcıl olaraq göstərilən bu dəstəyin reallaşdırılması üçün çevik mexanizm formalaşdırlmışdır.

Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin Redaktor.az-a daxil olan birgə məlumatına görə, göstərilənlərlə yanaşı, dövlətin bu sahədə həyata keçirdiyi siyasətə kölgə sala biləcək neqativ amillərə, o cümlədən ayrı-ayrı şəxslər tərəfindən sui-istifadə hallarına və vətəndaşların hüquqlarının pozulmasına yönəlmiş digər qanunsuz hərəkətlərə qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir.

Belə ki, özünü Fövqəladə Hallar Nazirliyinin məsul işçisi Milana Xoçperova kimi təqdim etmiş Əlbəşirova Heyran Mürsəl qızının qanunsuz hərəkətləri barədə həmin nazirlik tərəfindən toplanmış material aidiyyəti üzrə hüquqi qiymət verilməsi üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış araşdırmalarla Heyran Əlbəşirovanın, əri Balağa Əlbəşirovla cinayət əlaqəsinə girməklə nazirliyin saxta xidməti vəsiqəsini hazırlamasına, özbaşına özünü həmin dövlət qurumunun məsul işçisi kimi təqdim edərək 2012-ci ilin may ayında Balakən və Zaqatala rayonları ərazisində baş vermiş zəlzələ nəticəsində yararsız hala düşmüş yaşayış evlərinə dəymiş ziyanın ödənilməsinin təşkil edilməsi adı ilə etibarlarından sui-istifadə edərək ümumilikdə 21 nəfərə məxsus cəmi 24 min manat məbləğində pul vəsaitini ələ keçirib dələduzluq etmələrinə əsaslı şübhələr müəyyən edilmişdir. Həmin fakta görə Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama) maddələri ilə cinayət işi başlanmışdır.

Aparılmış istintaqla həmin şəxslərə Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.2 (dələduzluq təkrar törədildikdə), 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 32.4,312.2 (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət və ya təkrar rüşvət verməyə təhrik etmə), 320.1 (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama) və 320.2-ci (Cinayət Məcəlləsinin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

 

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılaraq təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin olunması istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlara müraciət edərək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə və 361-11-76 nömrəsinə və ya Fövqəladə Hallar Nazirliyinin 112 saylı “Qaynar xətt” əlaqə mərkəzinə məlumat vermələrini xahiş edir.

Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluq tərəfindən təbii fəlakət və fövqəladə halların nəticələrindən zərər çəkən vətəndaşların hüquqlarının pozulmasına yönəlmiş qanun pozuntularının qarşısının alınması istiqamətində bundan sonra da ən ciddi tədbirlər həyata keçiriləcəkdir.