Pir və ocaqlara inamın ƏSAS SƏBƏBİ: Ziyarət zamanı...

 19:51 10.06.2019     1287
Əsrlər keçməsinə baxmayaraq insanların pir və ocaqlara inamı azalmır.
 
Bu inama əsas səbəb kimi pirlərin möcüzəvi qüvvəyə malik olması göstərilir. Elə buna görə də belə yerlərə üz tutanlar, daha çox özünü çarəsiz, ümidsiz hiss edənlər olur. 
 
Pir və ocaqlara illər keçməsinə baxmayaraq, gedənlərin sayı niyə azalmır?
 
Psixoloq İlahə Dadaşova Redaktor.az-a açıqlamasında bildirib ki, pir və ocaqlara inamın əsas səbəbi, rahatlıq verməsidir və burada qəbahətli bir iş yoxdur:
 
“Hər insanın mütləq bir inam yeri olmalıdır. Bəzi insanların inam yeri dinə sığınmaqdır. Ümid və inam yeri olmayan insanlarda müəyyən psixoloji problemlər üzə çıxır. Dinə inamı olan insan qarşısına çıxan hər çətinliyə dözə bilir. Bu baxımdan pir və ocaqlara ziyarət edən insanlar duasının Tanrıya bir pillə daha tez çatacağına inanır. Bu inanc bir az da qədim dövrə məxsus miflərə əsasən formalaşıb. İnanc məsələsində insanın təhsil səviyyəsi, dünyagörüşü və böyüdüyü mühitinin təsirləri yüksəkdir. 
 
Elə ailələr var ki, uşaq özünü anlamağa başlayandan pirlərə aparırlar.
 
Həmçinin pirə aparılan uşaqlara əfsanələr barədə də məlumat verilir. Bu mühitdə böyüyən uşağın gələcəkdə pir və  ocaqlara inamı yüksək olur. Çünki uşağın şüuraltında pir və ocaq haqqında proqram formalaşır. Zamanla təhsil və dünyagörüşü uşağın fikirlərini dəyişə bilər, amma beynində müəyyən şübhələr qalır. Ümumilikdə insan davranışlarını proqramlar əsasında biruzə verir. Çox vaxt pir və ocağa inam dinlə qarışdırılır. Halbuki pirlərə inam dinin içindən çıxan müəyyən təriqətlərə bağlıdır. 
 
İnamın içində məntiqlə güvənə biləcəyimiz bir reallıq olmalıdır. 
 
İnanılan hər şey gələcəyə ümid verməlidir. Bəzi insanlar üçün psixoloji seans rahatlıq verirsə, bəziləri üçünsə ziyarətgahlara getmək daha üstündür. Əsas məsələ budur ki, insan dua etdikcə, inam və ümidi artır. İslamda pir və ocaqlar insanların rahatlığını təmin edir”. 
 
“Məşədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənli isə vurğulayıb ki, İslam dini pir, ocaq və ziyarətgahlara getməyi qadağan etmir:
 
“Pir və ocaqları ziyarət etməyin İslamla bağlı bir ziddiyyəti yoxdur. Sadəcə ziyarət zamanı dinimizə zidd hərəkətlərə yol verməmək lazımdır. Bəzi kütləvi ziyarətlər mövhumat və xurafat xarakterlidir. Yəni, İslamla heç bir əlaqəsi yoxdur. İslam dini sağlam məntiqə əsaslanıb. Məntiqə sığmayan hərəkətlər isə xurafat hesab olunur. Dinin ləkələnməməsi üçün xurafatlardan uzaq durmaq lazımdır. Tarixən Azərbaycan ərazisində ziyarətgahlar mövcud olub. Hazırda da pir və ziyarətgahlar dövlət vəsaiti hesabına təmir edilir və insanların istifadəsinə verilir. 
 
İnsanlar ziyarətgaha Allahı və axirəti yad etmək üçün getməlidir.
 
Ziyarətgahlarda namaz qılmaq, Qurani-Kərim oxumaq bəyənilən əməllərdəndir. Və bu, insanları Allaha yaxınlaşdırır. Ziyarətgahda dəfn olunan ölüyə ibadət edilmir. Sadəcə onların hörmətinə Allahdan müəyyən istəkləri üçün dua edirlər. Ziyarətgahlarda insanın ruhu aranır və rahatlıq tapır. Çünki ilahi övliyaların dəfn olunduğu məkanlar onların vücudu ilə təsirlənir. Bu, insanda müsbət hal yarada bilir. Lakin digər məqsədlərlə ziyarətə getmək qətiyyən yolverilməzdir. 
 
Bu məsələdə maarifləndirmə işləri aparılmalıdır. 
 
Bununla bağlı indiyə qədər Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən kompleks tədbirlər həyata keçirilib. Gənclərlə görüşdə dini radikalizmlə mübarizə və bir sıra məsələlərlə bağlı müzakirələr aparılır, müxtəlif tədbirlər keçirilir. Həmçinin din xadimləri maarifləndirilir və təkmilləşdirmə kursları həyata keçirilir. Son illər xurafat və mövhumat hallarının sayı kəskin şəkildə azalıb. Bütün hallarda KİV-lərdə, ziyarətgahlarda maarifləndirmə tədbirləri görülməlidir”. 
 
Gülşən Şərif / Redaktor.az