Kollec məzunları ali məktəblərə İMTAHANSIZ qəbul olacaqlar - ŞƏRTLƏR

 16:56 11.06.2019     6690

Kollec məzunları qəbul imtahanlarında iştirak etmədən, ali məktəblərə qəbul ola bilər.

Bu dəyişikliyin şərtləri ilə bağlı təhsil eksperti Kamran Əsədov Redaktor.az-a açıqlama verib.

O, bildirib ki, kollec məzunlarının ali məktəblərə qəbulla bağlı elektron şəxsi kabinetinin açılması vacibdir:

“Müsabiqədən kənar ali təhsil müəssisələrinə qəbul olmaq hüququna tam orta və  orta ixtisas təhsilini 2010-cu ildən sonra başa vurmaq haqqında müvafiq dövlət nümunəli sənəd almış şəxslər malikdir. Eyni zamanda, həmin şəxslərin diplomunda subbakalavr sözü yazılmalıdır. Buraxılış kurslarında təhsil alanlar da bu hüquqdan istifadə edə biləcəklər.

Müsabiqədə iştirak ödənişsizdir.

Orta ixtisas səviyyəsini ali təhsil səviyyəsinə çatdırmaq istəyən məzunlar Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytında “Abituriyentin elektron ərizəsi”ni doldurmalıdır. Bunun üçün həmin məzunlar təhsil aldıqları kolleclərə müvəffəqiyyət göstəricilərinin məzun sisteminə daxil olması üçün müraciət etməli və arayış almalıdırlar. Bütün hallarda müsabiqədən kənar müraciət etmək istəyənlər dim.gov.az saytında özlərinə şəxsi kabinet açmalıdırlar. Çünki bundan sonra bütün elektron xidmətlər məhz onların DİM-in saytında açdıqları istifadəçi adı və parolu ilə həyata keçiriləcək. Bunun üçün onlara şəxsiyyət vəsiqələri və mobil nömrələri lazımdır.

Xüsusi qabiliyyət tələb edən ixtisası seçən şəxslər elektron ərizəni rəsmiləşdirməlidir.

Müsabiqədən kənar ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən subbakalavrlar Mərkəzin rəsmi internet saytında seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisasın daxil olduğu komissiya üzrə qeydiyyatdan keçirlər. Qeydiyyatdan keçmiş subbakalavrlar müəyyən edilmiş cədvəl üzrə qabiliyyət imtahanlarında iştirak edirlər. Onlara müsabiqədə iştirak etmək üçün sistem avtomatik olaraq 60 bal verir. Ondan sonra qabiliyyət imtahanı verir və məqbul aldıqları tədqirdə ixtisas seçimi edirlər.

İxtisas seçimi  25 iyul – 04 avqust tarixləri arasında həyata keçiriləcək.

Müsabiqədən kənar ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi abituriyentlərin bütün ixtisas qruplarına imtahan nəticələri elan olunduqdan sonra aparılır. Müsabiqədən kənar qəbul olmaq istəyən subbakalavrların hər birinə sistem tərəfindən 200 bal verilir və onlar yalnız kolleci bitirdikləri ixtisas üzrə 25 iyul – 04 avqust tarixləri arasında ixtisas seçimi edəcəklər.

Kollec məzunları istənilən universitetdən 15-ə qədər ixtisasdan birini seçə biləcək.

Müsabiqədən kənar ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçiminə imtahan nəticələri Təhsil Nazirliyi ilə Mərkəz tərəfindən razılaşdırılmaqla, müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan subbakalavrlar buraxılırlar. Sistem tərəfindən onlara verilmiş 200 balla ödənişsiz və ödənişli olmaqla, ixtisaslarına uyğun istənilən universitetdən 15-ə qədər ixtisas seçə bilərlər. Subbakalavrlar müsabiqədənkənar ali təhsil müəssisələrinə kollecdə bitirdikləri ixtisas üzrə ixtisaslarını seçir, onları istədikləri ardıcıllıqla elektron ixtisas seçimi ərizə formasına daxil edir və təsdiqləyirlər. Müsabiqədən kənar ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarını isə ərizələrində yalnız qabiliyyət imtahanından sonra Mərkəz tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun qiymət alan subbakalavrlar göstərə bilərlər.

Subbakalavr müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

Subbakalavrların yerləşdirilməsi onların seçdikləri ixtisasların ardıcıllığına uyğun olaraq, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu nəzərə alınır. Belə ki, seçim ixtisaslar üzrə vakant yerlərin sayı çərçivəsində həyata keçirilir. Subbalakavrların DİM-in saytında elektron ərizə qəbulu prosesinin bşlanması iyun ayının 20-sinə qədər başlayacaq. İxtisas seçimləri isə 25 iyuldan başlayacaq”.

Qeyd edək ki, yeni qaydalar ötən ilin yayında Təhsil Nazirliyi tərəfindən hazırlanan təkliflər paketi əsasında “Təhsil haqqında” Qanuna edilən 62 düzəliş əsasında təsdiq olunub.

Gülşən Şərif / Redaktor.az