Gürcüstan və Azərbaycan arasında hərbi sahədə əməkdaşlıq planı imzalanacaq

 20:18 11.06.2019     259

Gürcüstanın müdafiə naziri Levan İzoria Azərbaycana səfəri çərçivəsində Müdafiə naziri, general-polkovnik Zakir Həsənovla görüşəcək.

Redaktor.az Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdən sonra Gürcüstan və Azərbaycan arasında 2019-cu il üçün hərbi sahədə əməkdaşlıq planı imzalanacaq. L.İzoria həmçinin Türkiyənin müdafiə naziri Hulusi Akarla da görüşəcək və hərbi sahədə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcək.

İkitərəfli görüşlərdən sonra Gürcüstan-Azərbaycan-Türkiyə formatında nazirlərin üçtərəfli görüşü baş tutacaq. Görüşdə regional təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, iyunun 12-də keçiriləcək üçtərəfli görüşdə iştirak etmək üçün L.İzoria artıq Qəbələdədir.