I Xəzər İqtisadi Forumuna həsr olunmuş dəyirmi masa keçirilib - FOTOLAR

 12:55 12.06.2019     371

"Xəzərin hüququ statusu ilə bağlı konvensiyanın qəbulu tarixi uğur idi".

Redaktor.az-ın apa.az-a istinadən verdiyi xəbərə görə, bu sözləri Türkmənistanın Azərbaycandakı səfiri Mekan İşanquliyev Türkmənistan Respublikasının Azərbaycandakı Səfirliyi və Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin birgə təşkilatçılığı ilə I Xəzər İqtisadi Forumuna həsr olunmuş dəyirmi masada çıxışı zamanı deyib.

Türkmənistanın Azərbaycandakı səfiri Xəzər dənizinin Asiya və Avropa arasında körpü rolu oynadığını, həm də özünün əhəmiyyətli dərəcədə enerji resurslarına malik olduğunu qeyd edib.

 

Səfir avqustda baş tutacaq forumun Xəzər hövzəsi ölkələri arasında balanslı iqtisadi əlaqələrin qorunması, qarşılıqlı anlaşma məsələlərinə əhəmiyyətli töhfə verəcəyini deyib. Səfir bildirib ki, bu iqtisadi forum üç hissədən: beynəlxalq konfrans, innovasiyalar konfransı və hövzə ölkələri arasında sənədlərin imzalanmasından ibarət olacaq.

Türkmənistanlı diplomat bu forumun Xəzəryanı ölkələr arasında humanitar, mədəni, iqtisadi əlaqələrin yüksək səviyyəyə çatdırılmasına təkan verəcəyini qeyd edib.

Dəyirmi masada çıxış edən Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov Xəzər hövzəsinin dünyanın və bölgənin enerji təhlükəsizliyində vacib rol oynadığını qeyd edərək bu hövzədə yerləşən ölkələrin coğrafi, iqtisadi imkanlarına və təbii resurslarına görə dünya üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.

Dəyirmi masada Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyev, Milli Məclisin Deputatı Hikmət Məmmədov, BP Azərbaycanın vitse-prezidenti Bəxtiyar Aslanbəyli və digər ekspertlər məruzələrlə çıxış ediblər.

Dəyirmi masada 12 avqustun Xəzər Günü kimi qeyd olunması ilə bağlı təklif irəli sürülüb.

22