Yeni dərs ilindən Bakıda 269 müəllimin müddətsiz müqavilə ilə işləməsinə razılıq verilib

 17:11 12.06.2019  45

2019-cu ilin aprel ayında Təhsil Nazirliyi tərəfindən təşkil edilən daimiləşmə prosesində müddətli müqavilə ilə çalışan 269 müəllimin 2019-2020-ci dərs ilindən etibarən müddətsiz əmək müqaviləsi ilə işə qəbuluna razılıq verilib.

Redaktor.az-ın trend.az-a istinadən verdiyi məlumata görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev deyib.

Onun sözlərinə görə, 2018-2019-cu tədris ilində Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə BŞTİ tərəfindən 2018-2019-cu dərs ili üçün 1350 vakansiya təqdim olunub.

Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu müsabiqəsi və müddətli əmək müqaviləsi əsasında çalışan müəllimlər üçün Təhsil Nazirliyi tərəfindən təşkil edilmiş müsahibələrin nəticəsində 790 nəfər daimi əsaslarla işə qəbul olunub, 265 müəllim iş yerini dəyişib. Müəllimlərin işə qəbulu müsabiqəsinin müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində 1210 namizəd müddətli müqavilə ilə işə qəbul üçün göndərilib.

R.Tağıyev qeyd edib ki, 2018-2019-cu tədris ilində BŞTİ-nin tabeliyindəki müəssisələrdə çalışmanın yaş həddinə çatmış 1572 işçidən 995 nəfər ilə dərs ilinin sonunadək müddətli müqavilənin bağlanması məqsədəuyğun hesab edilib. Bunlardan 492 nəfəri əvvəlki illərdə, 503 nəfəri isə cari tədris ili ərzində çalışmanın yaş həddinə çatmış şəxslər olub.

R.Tağıyev əlavə edib ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 580 manat təşkil edir.