Türkiyə vətəndaşına qarşı dələduzluq edən sabiq ədliyyə işçisinin məhkəməsi başlayır
Türkiyə vətəndaşına qarşı dələduzluq etməkdə təqsirləndirilən Fərid Cəlilovun məhkəməsi başlayır.
Redaktor.az-ın apa.az-a istinadən verdiyi məlumata görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim İlham Mahmudovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, Xətai rayonu İcra və Probasiya şöbəsində icra məmuru işləmiş F.Cəlilov Türkiyə vətəndaşı Elemana Necatidən birgə biznes qurmaq adı ilə 155 min manat pul alaraq qaytarmamaqda ittiham olunur. F.Cəlilov əcnəbi vətəndaşa dövlət qurumlarının hərraca çıxardığı avtomobilləri ucuz qiymətə alaraq daha baha satacaqlarını vəd edib. E. Necati F.Cəlilova 32 min manat verib. Həmin məbləğə 4 avtomobil alınıb. F.Cəlilov E.Necatiyə daha 7 avtomobilin hərraca çıxarıldığını deyərək əlavə pul istəyib. Elemena Necati Türkiyədəki evini sataraq Fərid Cəlilova 123 min manat verib.
E.Necatinin Ədliyyə Nazirliyinə şikayətindən sonra F.Cəlilov vəzifəsindən və ədliyyə sistemindən qovulub.
Daha sonra Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq istintaq aparılıb.
F.Cəlilov dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifad etməkdə təqsirləndirilir.












