Təhsil müəssisələrinin akkreditasiyası üçün təklif edilən rüsumlar problem yaratmır - Komitə sədri

 14:50 13.06.2019     318

“Biz spikerin tapşırığa uyğun olaraq araşdırma apardıq, təklif edilən rüsumların dərəcələrinin digər ölkələrlə müqayisədə aşağı olduğu məlum oldu”.

Redaktor.az-ın apa.az-a istinadən verdiyi məlumatıa görə, bunu bu gün Milli Məclisin növbədənkənar sessiyasının iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə  “Dövlət rüsumu haqqında” və “Təhsil haqqında” qanunlara dəyişikliyin müzakirəsi zamanı bildirib.

Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli  deyib ki, akkreditasiya ilə bağlı bu rüsumlar özəl təhsil müəssisələrinə tətbiq edilir. Komitə sədri qeyd edib ki,  inkişaf etmiş ölkələrdə akkreditasiyadan keçməyən təhsil müəssisələri ciddi təhsil müəssisələri kimi qəbul olunmur: “Bizim ölkədə də akkreditasiyanın rəsmi şəkildə keçirilməsi təşkil olunub. Akkreditasiya ödənişli əsaslarla keçirilməlidir. Deputatların təklifləri nəzərə alınaraq, rüsumlar müəyyən qədər azaldılıb. Bir məqamı da qeyd edim. Məsələn, Almaniyada akkreditasiya üçün rüsum 28-65 min avro, Almaniyada 30-35 min avro, Ermənistanda isə 10-15 min avrodur”.

İ. Həbibbəyli nəzərə çatdırıb ki, özəl təhsil müəssisələrində bir tələbənin təhsil haqqı 3-4 min manat civarındadır: “Ona görə də ali təhsil müəssisələrinin akkreditasiyası üçün rüsumun məbləği böyük rəqəm deyil. Özəl bağçalara gəlincə, özəl bağçalarda bir uşaq üçün ayda 200-300 manat haqq alınır. Özəl bağçalar üçün təklif edilən 2 min manat bir uşağın 1 illik təhsil haqqından da aşağıdır. Ona görə də təhsil müəssisələrinin akkreditasiyası üçün təklif edilən rüsumlar problem yaratmır, minimum hədlərdir”.

Qeyd edək ki, bu gün Milli Məclisin növbədənkənar xüsusi sessiyasının ilk plenar iclasında qəbul edilən “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsinin II oxunuşunda təklif olunan 32-1 maddəsinə əsasən, akkreditasiyadan keçirilmə ilə əlaqədar məktəbəqədər təhsil müəssisələrindən 2000 manat, ümumi təhsil müəssisələrindən 5000 manat, məktəbdənkənar təhsil müəssisələrindən 5000 manat, peşə təhsili müəssisələrindən 10000 manat, orta ixtisas təhsili müəssisələrindən 12000 manat, ali təhsil müəssisələrindən 20000 manat, əlavə təhsil müəssisələrindən 12000 manat, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələrdən 12000 manat dövlət rüsumu tutulacaq.

Sənəd birinci oxunuşda qəbul edilən zaman akkreditasiyadan keçirilmə ilə əlaqədar məktəbəqədər təhsil müəssisələrindən 3000 manat, ümumi təhsil müəssisələrindən 5000 manat, məktəbdənkənar təhsil müəssisələrindən 7000 manat, peşə təhsili müəssisələrindən 10000 manat, orta ixtisas təhsili müəssisələrindən 15000 manat, ali təhsil müəssisələrindən 20000 manat, əlavə təhsil müəssisələrindən 15000 manat, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələrdən 15000 manat dövlət rüsumunun tutulması qeyd edilmişdi.

Xatırladaq ki, layihənin birinci oxunuşda müzakirəsi zamanı deputatlar təhsil müəssisələrinin akkreditasiyadan keçirilməsinə görə dövlət rüsumunun yüksək olduğunu bildirmişdilər.