Mehriban xanım bu ənənənin əsasını qoydu - Camalqızı

 22:12 15.06.2019     82

Azərbaycan Respublikasının sabiq Prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə xanımın dəfninin təşklinin ölkə Prezidenti cənab İlham Əliyevin diqqətində olması, mərhumənin ailəsinə Birinci vitse-prezident Mehriban xanımın başsağlığı verməsi, dəfn xərclərini Heydər Əliyev Fondunun öz üzərinə götürməsi Azərbaycanda müsbət bir ənənənin əsasını qoydu.

Redaktor.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında “Teleqraf” Media Qurumunun rəhbəri, politoloq Aynur Camalqızı deyib. O bildirib ki, əslində Azərbaycanda ilk dəfə bu yöndə pozitiv ənənəni mərhum prezident Heydər Əliyev qoymuşdu:

"Vaxtilə Əbülfəz Elçibəy Türkiyədə xəstəxanada müalicə alarkən, mərhum Prezidentimiz Heydər Əliyev adından ona gül göndərilmiş, vəfat etdikdən sonra da Heydər Əliyevin sərəncamı ilə onun dəfn xərcləri dövlət hesabına ödənilmişdi. Baxmayaraq ki, o zaman sabiq Prezidentlər haqqında qanun yox idi, amma məhz Heydər Əliyevin təşəbbüsü ilə komissiya yaradılmış və Əbülfəs Elçibəyin Fəxri Xiyabanda dəfn olunması barədə qərar verilmişdi.

Bu gün isə Mehriban xanım bu addımı ilə böyük bir siyasi mədəniyyət nümunəsi ortaya qoydu, bügünkü Azərbaycanın sivilliyini bir daha göstərdi. Bu ənənə həm də ölkəmizdə vətəndaş münasibətinin müsbət göstəricisidir.

Qeyd edək ki, Azərbaycanın sabiq Prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva iyunun 14-də Türkiyənin İstanbul şəhərində vəfat edib. Mərhumənin cənazəsi doğma Kələki kəndinə (Naxçıvan Muxtar respublikası, Ordubad rayonu) aparılıb və torpağa tapşırılıb.