Peşəyönümlü siniflərin yaradılması nə vəd edir? - Ekspert AÇIQLADI
Orta məktəblərdə peşəyönümlü siniflərin yaradılması üçün hazırlıq işləri aparılır.
Belə ki, növbəti ildən yeni istiqamət olaraq, Azərbaycanın müxtəlif bölgələrindəki 20 məktəbdə peşəyönümlü siniflərin yaradılacağı gözlənilir.
Belə siniflərin yaradılması təhsilin keyfiyyətinə necə təsir edəcək?
Təhsil eksperti Kamran Əsədov Redaktor.az-a açıqlamasında bildirib ki, peşə təmayüllü siniflərin açılması effekt verməyəcək:
“Doqquzuncu sinifdən sonra təmayül siniflərinə bölünmə zamanı gələcəkdə ali təhsil pilləsində təhsilini davam etdirmək istəyən təmayüllər var. Yəni, məhdud sayda orta ümumtəhsil məktəblərində peşə təmayüllərinin açılması heç bir effekt verməyəcək. Birincisi, ora gedən uşaqların sayı tam şəkildə formalaşmayacaq. İkincisi, orada bu tədrisi həyata keçirəcək müəllimlər və resurslar yoxdur. Üçüncüsü də bizim orta ümumtəhsil məktəblərimizin maddi-texniki bazası standartlara cavab vermir və ümumiyyətlə, yoxdur. Bu sahəyə vəsait ayırmaq vaxt itkisidir.
Azərbaycanda texniki peşə təhsili sisteminə maraq aşağı səviyyədədir.
İnkişaf etmiş ölkələrdə məzunların 40-60%-i ümumi orta təhsildən sonra ilkin texniki peşə təhsili müəssisələrinə daxil olduğu halda, Azərbaycan üçün bu göstərici 11%-dir. Ölkədə 5500 nəfərdən artıq işçi heyətinə malik olan 116 dövlət və iki özəl texniki peşə məktəbi və kollec fəaliyyət göstərir. Bu məktəb və kolleclərin qeydiyyatdan keçmiş və 150-dən artıq müxtəlif fənn və ixtisas üzrə təhsil alan 23,800-dən artıq tələbəsi var.

İlkin texniki peşə təhsili sistemində bir çox problemlər mövcuddur.
Texniki peşə məktəbləri və kolleclərində tədris olunan proqramlar əksər hallarda eyni olur və proqramlar təkrarlanır. Digər mövcüd problemlərdən biri də bir çox təhsil müəssisələrinin əsasən qaçqın və məcburi köçkün ailələrinin yaşadığı yerə çevrilməsidir. İlkin peşə təhsili müəssisələrinin binaları olduqca köhnəlmiş vəziyyətdədir və dövlət büdcəsindən maliyyələşmə mexanizmləri qeyri-müəyyəndir. Məktəb və kolleclərdə istifadə edilən dərslik və tədris planları çox vaxt müasir tələblərə cavab vermir.
Münasib maliyyələşmə mexanizmlərinin və əlaqədar hüquq normalarının, eləcə də təhsil müəssisələrinin fəaliyyətləri üçün qabaqcıl monitorinq və qiymətləndirmə mexanizmlərinin olmaması və işçi heyətinin təlim səviyyəsinin qeyri-müəyyən olması da problemlər arasındadır. Bir çox hallarda müxtəlif sahibkarlıq tiplərinə aid olan müəssisələrlə texniki peşə təhsili müəssisələri arasında əlaqələrin zəif olması, ümumi təhsil müəssisələrində peşə təmayüllərinin olmaması və təhsil müəssisələrinin əmək bazarının ehtiyaclarına cavab verə bilməməsi kimi problemlərlə də qarşılaşılır.
Yeni və daha cəlbedici ilkin texniki peşə təhsili sistemi imici formalaşdırmalıdır.
Hazırda məzunlarla əmək bazarının tələbləri arasında kəmiyyət və keyfiyyət baxımından böyük uçurum var. Bu addım ölkənin müasirləşdirilməsinə və beynəlxalq müstəvidə rəqabətə davamlılığının təkmilləşdirilməsinə kömək edəcək. Yeni texnologiyaların yaradılması və enerjiyə qənaət, alternativ enerji və yaşıl texnologiya daxil olmaqla texnoloji və ekoloji istehsal tələbləri baxımından tələb olunan iqtisadi və sosial dəyişiklikləri sürətləndirən innovasiyaların təqdim edilməsi də bu addımın tərkib hissələri olmalıdır. Tədris prosesini müasirləşdirmək üçün texniki sahə üzrə lazımi bacarıq və biliklərə malik olan daha çox müəllim yetişdirilməlidir. Səmərəsizliyin və ancaq özəl sektorun inkişafının dəstəklənməsinin qarşısını almaq üçün dövlət texniki peşə təhsili sistemi səmərələşdirilməlidir. Müasirləşdirmə təkmilləşdirilmiş hüquq normaları vasitəsilə müasir tələblərə, texniki peşə təhsili işçilərinin təkmilləşdirilmiş tədris prosesinə, maliyyə dəstəyi və maddi-texniki təminatın təkmilləşdirilməsi, eləcə də təkmilləşdirilmiş idarəetmə strukturlarına əsasən həyata keçirilməlidir.
Dövlət və özəl sektor arasındakı əməkdaşlığa əsaslanan idarəetmə sistemi formalaşmalıdır.
İlkin texniki peşə təhsili sistemində çalışan əməkdaşların təkmilləşdirilmiş tədris, təkrar tədris və professional irəliləyiş proseslərindən keçmələrinə ehtiyac var. Eyni zamanda maddi baxımdan daha yaxşı motivasiya olunmaları, texniki sahə üzrə müəllimlər üçün fəaliyyətlərinin qiymətləndirilməsi yolu ilə dərəcələr üzrə və rəqabətə əsaslanan əmək haqqı miqdarlarının yaradılması zəruridir. Texniki peşə təhsili sisteminin dəyişməsi üçün digər mühüm sahə maliyyə dəstəyi və maddi-texniki təminatın təkmilləşdirilməsidir. Biz çoxmənbəli maliyyə sxemləri tətbiq etməli və təhsil müəssisələrinin özlərini maliyyələşdirməsi yolu ilə, müvafiq hökumət fondlarından və beynəlxalq dəstək proqramlarından səmərəli şəkildə istifadə edərək ilkin texniki peşə təhsili müəssisələrinin maddi-texniki təminatını qismən təkmilləşdirməklə büdcədənkənar vəsaitlərin əldə edilməsinə nail olmalıyıq.
Azərbaycanda texniki peşə təhsili sahəsinin imicini tam dəyişərək bu sahə üçün təkmilləşdirilmiş hüquqi və iqtisadi əsasların, eləcə də tədris əsaslarının yaradılmasına nail olmalıyıq. Buraya dövlət və özəl sektor arasındakı əməkdaşlığa əsaslanan idarəetmə sistemi, ilkin texniki peşə təhsili müəssisələri və kolleclərinin səmərələşdirilmiş şəbəkəsi və ilkin texniki peşə təhsili sisteminin yeni iqtisadi model əsasında maliyyələşdirilməsi daxildir. Texniki sahədə daha yaxşı yetişdirilmiş müəllimlərin olması Azərbaycanda əmək bazarının tələblərinə cavab verən və ölkənin iqtisadi ehtiyaclarını ödəməyə qadir olan təhsilli işçi qüvvəsinin meydana gəlməsi ilə nəticələnəcək”.
Qeyd edək ki, peşəyönümlü siniflərin yaradılacağı ilə bağlı təhsil naziri Ceyhun Bayramov məlumat verib. Nazir bildirib ki, hazırda işəgötürənlərin əmək bazarına olan tələbatı və onların ehtiyac duyduqları ixtisaslar üzrə gözləntiləri öyrənilir.
Gülşən Şərif / Redaktor.az












