Bakı metrosunda yaranan problem aradan qaldırılır - RƏSMİ
Bu gün səhər saatlarında Bakı metrosunda qatarların hərəkətində texniki problem yaranıb.
Yaranan problem nəticəsində sərnişinlər qatardan boşaldılıb.

Hazırkı vəziyyətlə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Redaktor.az-a açıqlamasında bildirib ki, problemin tam aradan qaldırılması üçün tədbirlər həyata keçirilir:
“Bu gün baş verən hadisə səhər saatlarında metronun “Xalqlar Dostluğu” stansiyasında qeydə alınıb. Texniki nasazlığı olan qatar 8 dəqiqə hərəkətsiz qalıb. Nasazlıq aradan qaldırıldıqdan sonra həmin qatar texniki baxış üçün depoya göndərilib və ehtiyatda olan digər qatarla əvəzlənib. Yaranan texniki nasazlığın aradan qaldırılması üçün işlər görülür”.
Qeyd edək ki, “Həzi Aslanov” stansiyasından start götürən qatarda texniki nasazlıq yaranıb. Nəticədə qatarlararası intervalda gecikmə müşahidə olunub.
Gülşən Şərif / Redaktor.az












