Maaşlar artırıldı: Daha nə gözlənilir?

 18:18 19.06.2019     401

Əməkhaqlarının artırılması prosesi davam edəcək.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Redaktor.az-a açıqlamasında dünən Prezident İlham Əliyevin əməkhaqının artırılmasıyla bağlı 15 sərəcam imzalamasına münasibət bildirib. Millət vəkili hesab edir ki, 11 aprel 2018-ci il seçkilərindən sonra Azərbaycanda çox dərin, köklü islahatlara start verilib:

“Bu proses davam edəcək. Dünən verilən sərəncamlar sadəcə prosesin tərkib hissəsidir. Aparılan islahatlar Azərbaycan cəmiyyətinin daha da demokratikləşdirilməsinə hesablanıb”.

Millət vəkili qeyd edib ki, qarşıdakı günlərdə dövlət büdcəsinə də müəyyən dəyişikliklərin edilməsi gözlənilir:

“Verilən sərəncamların həyata keçirilməsi üçün bu, sentyabr ayına qədər ediləcək. Məsələn, dövlət büdcəsində neftin qiyməti 60 dollar götürülsə də, dünya bazarında neft qiymətlərində artımlar müşahidə olunub. Digər tərəfdən verilən sərəncamların icrası üçün Azərbaycanın kifayət qədər ehtiyatı var. Dövlət büdcəsinə edilən dəyişikliklərdən sonra, bu sərəncamların hansı maliyyə mənbəyi hesabına həyata keçiriləcəyi müəyyənləşəcək”.

Millət vəkili vurğulayıb ki, bu gün dövlət büdcəsinə müxtəlif sahələrdən daxilolmalar ola bilər:

“Büdcəyə yenidən baxılanda bu faktlar da ortaya çıxacaq. İndiyə qədər büdcədən oğurlanan pullar, büdcəyə təqdim edilməyən vəsaitlərin geri qaytarılması istiqamətində də müəyyən işlər gedir və əməliyyatlar aparılır. Amma dövlətin qəbul etdiyi qərarları həyata keçirmək üçün kifayət qədər ehtiyatlar var. Qərarların icrası zamanı bu ehtiyatlardan da istifadə ediləcək”.  

V. Əhmədov artımların yaxın aylarda inflyasiya və devalvasiyaya səbəb olacağı ilə bağlı iddialara da münasibət bildirib:

“Bu məsələlərlə əlaqədar kifayət qədər dövlət orqanları var ki, onlar vəziyyəti nəzarətdə saxlamalıdır. Azərbaycanda inflyasiya yüksək deyil. Süni qiymət, subyektiv qiymət artımına imkan yaradılmasına icazə vermək olmaz”.

V.Əhmədov vurğulayıb ki, bu il ərzində devalvasiya gözlənilmir:

“Çünki kifayət qədər ehtiyatımız var. Manata, ümumiyyətlə, pul kütləsinə nəzarət mexanizmi Mərkəzi Bank tərəfindən yüksək səviyyədə qurulub. Ona görə,  hesab etmirəm ki, 2019-cu ildə devalvasiya olsun”.

Millət vəkili Aydın Mirzəzadə də məsələ ilə bağlı saytımıza danışıb. A.Mirzəzadə qeyd edib ki, bu sərəncamlar inqilabi dəyişiklik hesab edilə bilər:

“Azərbaycan tarixində (müstəqillik illərində və ya müstəqillikdən əvvəl) heç vaxt 1 ilin içərisində 2 dəfə əməkhaqlarının artırılması ilə bağlı belə ciddi addımlar atılmayıb. 2019-cu il Azərbaycanın dövlət büdcəsi 24 milyard manat təşkil edir. Yaxın günlərdə Milli Məclisdə büdcəyə dəyişikliklərlə bağlı qanun layihəsinə baxılacaq. Əməkhaqlarının artırılması prosesi bundan sonra da davam edəcək. Bütün bunlar düşünülmüş iqtisadi siyasətin nəticəsidir. Eyni zamanda minimum əməkhaqqının, maaşların artırılması iqtisadiyyatın oturuşmasının, manatın stabilləşməsinin göstəricisidir. Bu göstərici iqtisadiyyatın inkişafına ciddi təsir edəcək”.

Millət vəkili maraqlı  bir məqama da diqqət çəkib:

“Ölkəmizdə əhəmiyyətli hadisələr adətən ard-arda baş verir. Məsələn, hansısa əhəmiyyətli hadisə baş verəndən sonra, ölkə başçısı ondan da böyük addımlar atır. Buna artıq öyrəşmişik”.

Firuzə Vahid / REDAKTOR.AZ

Vumart və Güvən reklamı Vumart Güvən