"Dini ədəbiyyatların çoxunda milli-mənəvi dəyərlərlə uzlaşmayan məqamlar var" - Dövlət Komitəsi
Azərbaycana dini ədəbiyyatların idxalı və istehsalında artım müşahidə edilir".
Redaktor.az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.
O bildirib ki, dini kitablar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin müvafiq şöbəsinin ekspertizasından keçir: "Bizim milli mənəvi-dəyərlərimizlə ziddiyyət təşkil edən, dini ədavəti qızışdıran, tolerantlığa, multikultralizmə qarşı fikirlər olan ədəbiyyatların idxalına icazə verilmir. Ölkədə dini ədəbiyyatın oxumasına maraq var. Çalışırıq ki, bu ədəbiyyatlar Azərbaycanın milli-mənəvi dəyərlərini təbliğ edə bilsin və Azərbaycan yazarlarının dini ədəbiyyatları daha çox istehsal olunsun. Çünki xarici ölkələrdən idxal olunan ədəbiyyatların əksəriyyətində Azərbaycanın milli-mənəvi dəyərləri ilə uzlaşmayan məqamlar var".
Komitənin sədr müavini deyib ki, əvvəllər xaricdən idxal olunan dini ədəbiyyatlarda xoş olmayan məqamlara daha çox rast gəlinirdi: "Amma son illərdə bu, nadir məsələyə çevrilib. Artıq dini ədəbiyyatı idxal və istehsal edən fiziki şəxslər də bu tələbi bilirlər. Ona görə də bizə yad olan dini ədəbiyyatların idxalı və istehsalı azalıb".












