Mövcud sosial siyasətin ALTERNATİVİ YOXDUR

 13:00 21.06.2019     501

Mövcud sosial siyasət alternativlərin ən yaxşısıdır.

Redaktor.az bildirir ki, millət vəkili Qənirə Paşayeva Prezident İlham Əliyevin insanların sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün imzaladığı sərəncamına münasibət bildirib.

Deputat hesab edir ki, ölkə başçısı tərəfindən aparılan sosial-iqtisadi siyasətin qayəsində VƏTƏNDAŞ (red.- böyük hərflərlə) durur:

“Artıq mediada haqlı olaraq, “yeni sosial paket” olaraq tərif edilən bu sərəncamlar önəmli addımların həyata keçirilməsini nəzərdə tutur. Respublikamızın yeni tarixində ilk dəfə olaraq, bir il içində, üstəlik, yaxın aylar ərzində minimum əməkhaqqı və ümumilikdə maaşlar məhz indi bu dərəcədə artırılmış oldu. Bir sözlə, 2019-cu ilin əvvəlində sosial sahədə atılan addımlar və ölkə başçısının imzaladığı yeni “sosial paket” bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin davamlılığını, uğurlu sosial dövlət modelini göstərir”.

Q. Paşayeva vurğulayıb ki, ardıcıl olaraq iki dəfə eyni istiqamətdə sərəncamlar imzalanması, ölkə başçısının prioritetlərini ifadə edir:

“Bir millət vəkili olaraq, mənimçün Prezidentin imzaladığı “yeni sosial paket”in sosial mediada, saytlarda ictimaiyyətimiz tərəfindən təqdirlə qarşılanması, alqışlanması çox xoşdur. Belə ictimai münsaibətləri bir neçə cümlə ilə ümumiləşdirməyə çalışaq:

- Azərbaycan Prezidentinin imzaladığı “yeni sosial paket” bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin məntiqi davamı, silsilə tədbirlərin növbəti mərhələsidir;

- Bu, “yeni sosial paket”in təsir dairəsində olan vətənşalarımızın sosial cəhətdən müdafiəsini gücləndirmək, onlara dövlət qayğısını daha da artırmaq məqsədinə xidmət edir;

- “Yeni sosial paket” əhalinin rifahına ciddi dəstək tədbirlərinin uğurla davam etməsinə, nəticədə respublikamızda ümumi rifah halının yüksəldilməsi baxımından irəliləyişlərə imkan yaradacaq;

- Cari il ərzində artıq ikinci dəfə imzalanmış sosialyönümlü qərarlar, kürəsəl iqtisadiyyatda baş verən bir sıra mənfi tendensiyaların respublikamızın əhalisinin sosial təminatına neqativ təsirlərini mümkün olan ən aşağı səviyyədə saxlamağa imkan verir. Üstəlik, vətəndaşlarımızın gəlirlərinin artmasına, necə deyərlər, yığım imkanlarının genişlənməsinə münbit ortam yaradır”.

Millət vəkili qeyd edib ki, bu sıralamanı xeyli uzatmaq olar:

“Bütün hallarda məntiq, mahiyyət eynidir: dövlət xalq üçün çalışır, dövlət başçısı xalqını düşünür, onun rifahının yüksəldilməsi üçün nə mümkündürsə, edir. Yeni sərəncamlar Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin inqilabi xarakter daşıdığını sübut edir. “Yeni sosial paket” ümumilikdə 2 milyondan çox insanımızı əhatə etməklə ümumxalq, ümumölkə xarakteri daşımaqdadır. Yəni, dövlət büdcəsində formalaşmış əlavə gəlirlərin bilavasitə vətəndaşların sosial rifah halının yaxşılaşdırlmasına yönəldilməsi dövlət-vətəndaş, vətəndaş-dövlət etimadını daha da qüvvətləndirməklə, mövcud sosial siyasətin alternativlərin ən yaxşısı olduğunu göstərir”.

Firuzə Vahid / REDAKTOR.AZ

Vumart və Güvən reklamı Vumart Güvən