Azərbaycan niyə əcnəbi tələbələr üçün MARAQLI DEYİL?

 13:02 22.06.2019     905
"Hər bir ölkə ali təhsil müəssisələrinə əcnəbi tələbənin cəlb olunmasında maraqlıdır. Təəssüf ki, bizdə bu sahədə ciddi problemlər mövcuddur".
 
Bu sözləri təhsil eksperti Kamran Əsədov Redaktor.az-a açıqlamasında bildirib.
 
Əncəbi tələbələrin Azərbaycanda təhsil almağa nə dərəcədə maraqlı olub-olmamasına münasibət bildirən ekspert bildirib ki, hazırda həmin tələbələrin cəlb edilməsi üçün ciddi addımlar atılmır. Bu isə əcnəbi tələbələrin ölkəmizə marağının az olmasına yol açır:
 
"Ölkədə əcnəbi vətəndaşların təhsili Nazirlər Kabinetinin 56 nömrəli, 06.03.2001-ci il tarixli qərarı ilə təsdiq edilən “Azərbaycan Respublikası vətəndaşlarının təhsil almaq üçün xarici ölkələrə göndərilməsi və xarici ölkə vətəndaşlarının Azərbaycanın tədris müəssisələrində təhsil almaları haqqında Əsasnamə” ilə tənzimlənir. Həmin əsasnaməyə əsasən, ali təhsil müəssisələrində təhsil almaq üçün gələn xarici vətəndaşlar tədris dilini bilmədikləri halda, müvafiq dil hazırlığı keçdikdən sonra əsas təhsilə başlayırlar. Əcnəbi vətəndaşların müvafiq dil hazırlığını həyata keçirmək məqsədilə 17 ali məktəbdə Hazırlıq fakültələri, şöbələri və mərkəzləri fəaliyyət göstərir".
 
Ekspertə görə, Azərbaycanda təhsil almaq istəyənlərə bir çox hallarda yaxşı xidmət göstərilmir və onlar həm yerli, həm də xaricdə təhsil xidmətləri göstərən şirkətlər tərəfindən aldadılır:
 
"Təhsil Xidmətləri Araşdırma Mərkəzinin apardığı araşdırma və əldə etdiyi satistikaya əsasən, bu il ölkənin ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları ilə birgə, 63 xarici ölkənin 4 238 nəfər vətəndaşı təhsil alır. Əcnəbi tələbələrin sırasında Türkiyə, İran, Rusiya, Gürcüstan, Türkmənistan, İraq və Çin Xalq Respublikası vətəndaşları üstünlük təşkil edirlər. 2018-2019-cu tədris ilində ölkəmizdə təhsil alan əcnəbilərin sayı 5500 nəfərdən çoxdur". 
 
K.Əsədov vurğulayıb ki, xarici tələbələr hansısa ölkədəki universiteti seçərkən ilk növbədə universitetlərin beynəlxalq reytinqini nəzərdən keçirirlər:
 
"Bu baxımdan Azərbaycan təhsil müəssisələrinin keyfiyyəti həm dövlət tərəfindən, həm də xaricdən qiymətləndirilməlidir. Xarici ölkə vətəndaşlarının Azərbaycanda təhsil almasında şəraitin yaradılması,
onların aldadılma hallarının aradan qaldırılması üçün mərkəzləşdirilmiş internet resursu formalaşdırmaq lazımdır. Belə ki, istənilən xarici ölkə vətəndaşı o portal vasitəsilə birbaşa univeristetə qəbul prosedurunu həyata keçirə bilsin. Çünki vahid sistem olmasa, xarici ölkə vətəndaşlarını cəlb edə bilməyəcəyik və bu prosesdə neqativ hallar olacaq". 
 
Azərbaycan Universitetləri xarici ölkələrdə təhsil sərgiləri keçirməlidir:
 
"Birincisi, universitetlər təhsil prosesində ciddi keyfiyyət dəyişikliyi etməlidirlər. Əks halda universitetlərimiz özlərini təbliğ etsələr belə, universitetə gələn xarici tələbələr təhsilin aşağı səviyyədə olduğunu gördükdən sonra bu təbliğatın heç bir əhəmiyyəti olmayacaq. Bir sözlə, daha çox əcnəbi tələbəni Azərbaycana cəlb etmək üçün ilk növbədə, təhsil sisteminin keyfiyyətini qaldırmaq lazımdır. Təhsil sistemi tam demokratikləşməlidir ki, inkişaf etsin.
 
İkincisi, Boloniya sisteminə keçid sürətləndirilməli və səmimi xarakter daşımalıdır. Üçüncüsü, universitetlərin tələbə və müəllim heyətinin mobilliyi artırılmalıdır. Belə ki, tələbə və müəllimlərin xarici ölkələrdə təcrübə mübadiləsi sürətləndirilməlidir".
 
Ekspert onu da qeyd edib ki, Təhsil Nazirliyi xarici ölkə vətəndaşlarının Azərbaycanda təhsil almasında daha çox maraqlı olmalıdır:
 
"Nazirlik əcnəbi tələbələrin ölkəmizdəki universitetlərə problemsiz qəbulunu mərkəzləşdirilmiş qaydada həyata keçirməlidir. Bu gün Azərbaycanda əcnəbi tələbələrin təhsili Təhsil Nazirliyinin beynəlxalq əlaqələrinin prioritet istiqamətlərindən birinə çevrilməlidir. Xarici ölkə vətəndaşlarının təhsilə cəlb olunması ilə bağlı beynəlxalq təcrübə göstərir ki, bu sahədə kifayət qədər ciddi rəqabət mövcuddur. Bu baxımdan qısa müddətdə qəbul qaydaları sadələşdirilməli və mərkəzləşdirilmiş qaydada həyata keçirilməlidir".
 
Gülşən Şərif / Redaktor.az