Temperatur iqlim normasından YUXARIDIR - Baş hidroloq AÇIQLADI
"Hazırda Bakı və Abşeron yarımadasında müşahidə olunan havanın temperaturu iqlim normasından yuxarıdır".
Bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin baş hidroloqu Asif Verdiyev Redaktor.az-a açıqlamasında qeyd edib.
O, bildirib ki, bugünkü hava temperaturunun iqlim normasından bir qədər yüksək olduğu müşahidə olunur:
"Bu gün Bakı və Abşeron yarımadasında havanın temperaturunun günorta saatlarında 33-38 dərəcə olacağı gözlənilir. Mərkəzi Aran rayonlarında isə havanın temperaturunun 35-40 dərəcə olacağı proqnozlaşdırılır. Bu göstərici həmin bölgə üçün normaldır".
Baş hidroloq vurğulayıb ki, iyul və avqust aylarının bəzi günlərində havanın orta aylıq temperaturu iqlim normasından yüksək olacaq:
"Hazırda müşahidə olunan hava şəraiti iqlim normasına uyğun deyil. Adətən yay aylarında hava isti olur. Lakin iyul və avqust aylarında havanın orta aylıq temperaturu daha yüksək proqnozlaşdırılır. Bu baxımdan yay aylarının bəzi günlərində hava temperaturunun iqlim normasından yüksək olacağı istisna olunmur".
Gülşən Şərif / Redaktor.az












