MAAŞ ARTIMININ məhkəmə sisteminin inkişafına təsiri - AÇIQLAMA

 16:12 24.06.2019     3652

Azərbaycanda hakimlərin maaşları artırılacaq.

Maaş artımı məhkəmə sisteminin inkişafına necə təsir göstərə bilər?

Hüquqşünas Ellada Bayramova Redaktor.az-a açıqlamasında bildirib ki, maaşların yüksək olması korrupsiyanın azalmasına təsir edəcək:

"Hakimlərin maaşının artırılması çox yaxşı hal olmaqla yanaşı, vacib amillərdən biridir. İnkişaf etmiş ölkələrə nisbətən, Azərbaycanda hakimlərin maaşı çox aşağıdır. Hakimlərlə yanaşı, hüquqşünasların da maaşı olduqca aşağıdır. Ölkəni əsas idarə edənlər iqtisadçılar və hüquqşünaslar hesab olunur. Bu şəxslərin maaşı normal olmayanda iş potensialı aşağı düşür. Nəticədə gözləntilər istənilən effekti vermir. Bu gün hətta məhkəmənin katibi 250-300 manat maaş alır. Bu maaşla məhkəmə işçilərindən yüksək nəticə və ruh yüksəkliyi gözləmək absurddur. Bu baxımdan maaşların artırılması vacibdir.

Məhkəmə sistemində ciddi boşluqlar var

Bu gün qəbul edilən istənilən qanunun icrasında müəyyən problemlər yaşanır. Əsas problemlərdən biri rüşvətin geniş yayılmasıdır. Əksər halda hüquqlarını bilməyən və vəkili olmayan vətəndaşın işinə ciddi baxılmır. İcra mexanizmi düzgün hazırlanarsa, vətəndaşın xeyrinə qəbul edilən hər bir qərarın effektivliyi özünü biruzə verəcək. Məhkəmə sisteminin inkişafı üçün işlək mexanizmə ehtiyac var. Maaşın artması məhkəmə sistemindəki mövcud boşluqları qismən aradan qaldıra bilər. Lakin nöqsanların aradan qaldırılması üçün işlək mexanizm tətbiq edilməlidir".

Qeyd edək ki, “Məhkəmələr və hakimlər haqqında” qanununa təklif edilən dəyişikliyə əsasən, hakimlərin maaşının artırılacağı gözlənilir. Qanunun 106-cı maddəsinə (hakimlərin maddi təminatı) ediləcək dəyişikliklə bağlı ətraflı məlumatla BURADAN tanış ola bilərsiniz.

Gülşən Şərif / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən