Üzeyir Hacıbəylinin məktubu və bolşeviklərin “tor”una düşməyən Ceyhun Hacıbəyli

 16:57 24.06.2019     8359

1920-ci il aprelin 27-də Azərbaycan Cümhuriyyəti bolşeviklər tərəfindən işğal olunduqdan sonra Cümhuriyyətin liderlərinə və hökumətdə təmsil olunan milli qüvvələrə qarşı bir repressiya başladıldı.

Bundan başqa, ölkədən kənarda təmsil olunan Cümhuriyyət təmşilçilərinə qarşı da qaralama kampaniyası gedirdi. Yerli bolşeviklərin əli ilə vədlər verərək qohum-qardaşları vasitəsilə Azərbaycana dönmələrinə çalışırdılar. Sözsüz ki, qürbətçilik hər bir üçün ağır idi. Bu səbəbdən də bolşeviklərin onlara toxunmayacaqlarına dair verdikləri sözlərə inanaraq vətənə qayıdanlar oldu. Ancaq bolşevik xislətinə bələd olanlar burada onları nələrin gözləyəcəyini bildiklərindən dönmədilər. Mühacirətdəkilər Cümhuriyyətin təfəkkür sahiblərin bir qismi idi. Məhz ona görə də onların geri çağırılıb zərəsizləşdirilməsi kommunistlər qarşısında duran bir nömrəli vəzifələrdən biri idi.

Belə cəhdlərdən biri də Paris Sülh Konfransında iştirak etmək üçün gedən Azərbaycan nümayəndə heyətinin üzvü Ceyhun Hacıbəyliyə qarşı olub. Ona qardaşı Üzeyir Hacıəbəyli tərəfindən bir neçə dəfə məktub yazılaraq Azərbaycana dönməyi və burada yaxşlı işlə təmin olunacağı  qeyd edilib. Üzeyir bəy məktubunda onu da qeyd edir ki, kommunist Əliheydər Qarayevlə bu barədə danışıb və təminat da alıb. Nəticəyə baxsaq demək olar ki, Ceyhun Hacıbəyli qardaşının ölkəyə dönmək dəvətini qəbul etməyib. Əgər Ceyhun Hacıbəyli gəlsəydi, çox güman ki, taleyi digər cümhuriyyətçilərdən fərqli olmayacaqdı. Yaxşı ki, gəlməyib...

Beləliklə, Üzeyir Hacıbəylinin 1925-ci ildə Fransada olan qardaşı Ceyhun Hacıbəyliyə yazdığı həmin məktubun üslubuna toxunmadan təqdim edirik:

“Nuri didə Ceyhun və Zöhrə!

Salam-duadan sonra bizlər sağ və səlamət gəlib Bakıya varid olduq, indi öz işlərimizə məşğul varıq. Digər tərəfdən sizin barədə eyzən çalışmaqda davam edirik. İşlərin tövri böylə göstərir ki, sizlər buraya qayıtmalısınız. Burada olan bütün yoldaşlar və həmçinin sair tanışlar hamısı böylə məsləhət görürlər ki, siz buraya gələsiniz.

Sən buraya gələn kimi qulluq işi də düzələr və biz də axırda bir görüşərik. Musanın sənin üçün orada qulluq düzəltmək fikri pis fikir deyildisə də fəqət mən böylə görürəm ki, Musa bu fikrini qövldən felə keçirincə nəinki aylar, bəlkə illər də gəlib keçər, çünki bu saət Musanın başı o qədər qatışıqdır ki, mən onu bir aydır ki, nə evində, nə də qulluq yerində görə bilirəm. Həttə telefon ilə də danışa bilmirəm, çünki heç bir yerdə yoxdur... Axırda bu günlərdə yoldaşlardan Əliheydər ilə görüşüb işi bu qərara qoyduq ki, biz Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinə müraciət edək ki, sizin buraya gəlməyinizə izn alan kimi sizə məlum edərik. O halda siz də gələrsiniz. Əliheydər yoldaş söz verir ki, siz gələn kimi yaxşı qulluq sahibi olarsan və bizə qarşı göstərilən hörmət dəxi sənə göstərilər.

Əliheydər yoldaşın bu sözü bizdən və səndən ötrü böyük bir sübutdur. Çünki onun bir kərə söz verməyi kifayətdir.

Əlbəttə, sizin buraya gəlməyiniz lazımdır, çünki əvvəla mən oxumağa getsəm də, ancaq bu ilin axırında gedəcəyəm və saniyən, anam qocalıbdır, sizi və uşaqları görmək istəyir və salisən, daha bir o qədər qürbətdə qaldınız bəsdir, indi də Vətənə qayıdıb bir iş sahibi olmaq lazımdır ki, həm uşaqlarınız barəsindən arxayın olarsınız, həm də Azərbaycana bir mənfəət yetirəsən və bir də buranın yaşayışı bu saət gözəldir, hər kəs öz işində-gücündə, ələlxüsus biz ki, günlərimizi həqiqət çox yaxşı keçiririk. Ona görə siz indidən yola hazırlaşsanız yaxşı olar. Sonralar soyuqlar düşər, uşaqlar üçün çətin keçər. Gələndə də Moskva tərəfilə gələrsiniz ki, daha yaxşı yoldur.

Qərəz bu günlərdə izn və viza alıb sizə göndərəcəyik ki, əlbəttə, durmayıb gələsiniz, o vaxt nə sayaq gəlməyin tövrünü dəxi müfəssəl sənə yazıb bildirəcəyik və yol xərci barəsində dəxi tədbirlər görüləcəkdir. Baqi yəqin bilin ki, məsləhət böylədir, yəni gəlməkliyiniz vacibdir. Bizim tərəfdən, baxüsus nənəm, Məleykə və hamılıqca uşaqların üzlərindən öpüb və deyərsiniz ki, bu yaxınlarda Bakıya gedib hamı ilə görüşərlər.

Bəradərin Üzeyir.

01.10.1925”

Təqdim etdi: Rəşad Sahil

Vumart və Güvən reklamı Vumart Güvən