İlk azərbaycandilli xəbər portalı Lent.az 11 yaşını qeyd edir
Bu gün ilk azərbaycandilli xəbər portalı olan Lent.az-ın 11 yaşı tamam olur.
Lent.az 11 il ərzində hədəflərinə nail ola bilibmi?
Tanınmış jurnalist, Lent.az-ın baş redaktoru Qabil Abbasoğlu Redaktor.az-a açıqlamasında bildirib ki, obyektiv və subyektiv səbəblərdən dolayı nail ola bilmədikləri hədəflər var:
“Əslində, uğur anlayışı mütləq mənaya malik deyil. Yəni, uğur hər zaman davam edən bir anlayışdır. İnsan bu gün nail olduğu uğurun sabah bir az daha artığına sahib olmaq istəyir. Bu, nisbi canatma davamlı şəkildə baş verir. Ona görə də Lent.az-ın daim mərhələli hədəfləri olub. Əslində, hədəflərimizin böyük faizinə çatmışıq. Yetişə bilmədiyimiz hədəflərimizin bir qismi ölkəmiz və dünyadakı şəraitlə bağlı olub. Digər qismi isə iş mühitində hansısa texniki səbəblərdən dolayı baş verib. Belə ki, 10 ballıq sistemlə görə biləcəyimiz işi 7-8 bala məxsus göstərici ilə həyata keçirmişik. Ümumilikdə saytımız işə yanaşma tərzi və texnoloji cəhətdən daim yenilənir. Nail ola bilmədiyimiz hədəflərə çatmaq üçün əlimizdən gələni tələb olunan qaydada yerinə yetirməyə çalışırıq. Bəzən hər günün öz hədəfi olur. Bu baxımdan istənilən hədəfimizə çatmağa can atırıq və bundan sonra da davam edəcəyik. Çatdığımız hədəflərimizi isə Lent.az-ın kollektivi başda olmaqla, həmkarlarımız və oxucularımızın əldə etdiyi birgə uğur hesab edirik”.

Qabil Abbasoğlu bildirib ki, hələlik nail ola bilmədikləri əsas hədəf işğal altında olan torpaqlarımızın azad edilməsi ilə bağlı xəbəri oxuculara çatdırmaqdır:
“Bu xəbərin çatdırılmaması ilə bağlı səbəblər təkcə bizdən asılı deyil. Problemin həlli bütövlükdə ölkə, dünya, region və tarixlə bağlıdır. Ən böyük arzumuz və hədəfimiz Azərbaycanı işıqlı, torpaqlarımızın işğaldan azad edilməsi və ərazimizin bütövlüyünü görməkdir”.
Qeyd edək ki, www.lent.az resursu 2008-ci il iyun ayının 25-dən internet istifadəçilərinin ixtiyarındadır. Sayt gündəlik və operativ xəbər istehsalı ilə yanaşı, oxucularına həm də reportajlar, araşdırmalar, siyasətdən şou-biznesə qədər geniş spektrdə maraqlı materiallar təqdim edir. Portal bu günədək 320 minə yaxın materialı oxuculara təqdim edib.
Gülşən Şərif / Redaktor.az












