Məktəblərdə ibtidai sinif müəllimi çatışmazlığı var - SƏBƏB...
Bu il orta məktəblərdə daha çox ibtidai sinif müəllimliyi üzrə vakant yer olacaq.
Təhsil ocaqlarında ibtidai sinif müəlliminə olan tələbatının artması ilə bağlı təhsil eksperti Kamran Əsədov Redaktor.az-a açıqlama verib.
O bildirib ki, ibtidai sinif müəllimi çatışmazlığı əsasən mərkəzdən kənar məktəblərdə müşahidə olunur:
“2018-ci ildə müəllimlərin işə qəbulu imtahanında rekord sayda, 51 minə yaxın namizəd müsabiqədə iştirak üçün qeydiyyatdan keçmişdi. Hazırda 4472 orta məktəbdə 151 min müəllim çalışır. Hər il 65 yaş və digər səbəblərə görə orta məktəblərdən müəyyən qədər müəllim çıxır.
Birinci siniflərə qəbulda sayın artması əlavə müəllimlərə ehtiyac yaradır
Birinci siniflərə qəbulla bağlı elektron müraciətlərə əsasən, bir çox məktəblərdə birinci sinifə qəbul aparılsa da, müəllim yoxdur və yer vakantdır. Bu, xüsusilə mərkəzdən kənar məktəblərdə daha çox müşahidə olunur. Təkcə 2018-ci ildə 1-ci sinifə 165 min şagird qəbul olub. Bu il isə qəbul olan şagirdlərdən daha da çoxdur. 2019-2020-ci tədris ilində təkcə birinci sinif üçün 7000 ibtidai sinif müəlliminə ehtiyac var. Nəzərə almaq lazımdır ki, 4 sinif üzrə və məktəbəhazırlıq qruplarında da ibtidai müəllimə ehtiyac var. Ona görə də bu il işə qəbul olanlar arasında ibtidai sinif müəllimlərinə daha çox üstünlük verilməsi normaldır”.
Qeyd edək ki, iyunun 24-də Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbuluna start verilib. İndiyədək 500-dək namizəd qeydiyyatdan keçib. Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər. Elektron sənəd qəbulu iyulun 3-dək davam edəcək.
Gülşən Şərif / Redaktor.az












