Sürücülərin DİQQƏTİNƏ! - Yeni nişanlar TƏTBİQ OLUNUR
Milli Məclisin bu gün keçirilən iclasında "Yol hərəkəti haqqında" qanununa bir neçə dəyişiklik edilib.
“İki yeni nişanın tətbiqi vasitəsilə nəqliyyatın daha rahat hərəkətini təşkil etmək mümkün olacaq”
Redaktor.az-ın məlumatına görə, yol hərəkətinin nizamlanması üçün nəzərdə tutulan dəyişiklikləri şərh edən ekspert Ərşad Hüseynov bildirib ki, bu addım bir sıra nöqsanları aradan qaldıracaq:
“Dəyişikliyə əsasən, ilk olaraq yol hərəkətinin təşkilinin texniki vasitələrinə, yəni ümumilikdə işıqforları, yol nişanlarını, nişanlama xətlərini, qoruyucu sədləri və s. əhatə edən bu terminə normativ anlayış verilir. Yollarda işıqforların, yol nişanlarının, nişanlama xətlərinin və yol hərəkətinin təşkilinin digər texniki vasitələrinin yol hərəkəti təhlükəsizliyi komissiyalarının qərarı ilə tətbiqi təcrübəsi ləğv olunur. Bu işlə konkret dövlət qurumlarının məşğul olması, qərarın bu qurumlar tərəfindən qəbulu və icrası nəzərdə tutulacaq. Belə yanaşma hazırda təcrübədə olan bürokratyanı, lazımsız formallıqları azaldacaq, konkret qurumun bu işə görə məsuliyyəti aydın olacaq. Nəticədə əvvəllər problem yarananda onu mücərrəd komissiyanın üzərinə atmaq olurdu, indi bu mümkün olmayacaq.

Müvəqqəti yol nişanları ilə müvəqqəti nişanlanma xətləri arasında ziddiyyət və ya uyğunsuzluq yolverilməzdir.
Eyni yol sahəsində tətbiq edilmiş yol nişanları, xətlər, işıqforlar və digər texniki vasitələrin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluğun yolverilməzliyi aydın şəkildə təsbit olunur. Aşkar olunmuş hər hansı ziddiyyət və ya uyğunsuzluq təxirəsalınmadan aradan qaldırılmalıdır. Bu müddəanın qəbulu dəfələrlə izah etdiyimiz və hələ də bizə verilən tapmaca xarakterli bir suala aydınlıq gətirir ki, eyni yol sahəsinə nişan xətdən və ya xətt nişandan üstün ola bilməz. Onlar bir-birini tamamlamalı, biri digərinə tam uyğun olmalıdır. Yalnız müvəqqəti yol nişanlarının və ya nişanlanma xətlərinin tələbləri ilə daimi yol nişanlarının, nişanlama xətlərinin və digər texniki vasitələrin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq olarsa, müvəqqəti yol nişanlarına və ya nişanlanma xətlərinə üstünlük verilməlidir.
Müvəqqəti yol nişanları texniki göstəricilərinə və quraşdırılma yerinə görə daimi nişanlardan fərqlənməlidir.
Müvəqqəti yol nişanlarının istifadə edilməsinə ehtiyac qalmayıbsa, bu nişanlar təcili çıxarılmalıdır. Müvəqqəti nişanlama xətləri də rənginə görə digər nişanlama xətlərindən fərqlənməlidir. Məcburi hərəkət istiqamətini bildirən 4.1.1-4.1.6 nişanlarının qüvvəsi qanunvericiliyə uyğun olaraq, təsdiq edilmiş marşrut sxemi üzrə reyslərin yerinə yetirilməsi zamanı avtobuslara şamil edilmir. Əsas şərt odur ki, məhz rəsmi təsdiq olunan hərəkət sxemində belə fərq olsun. Özü də bu istisna yalnız həmin marşrutda və həmin sxem üzrə hərəkət edən avtobuslara aid olacaq, istənilən başqa avtobus üçün belə istisna yoxdur.
“Sarı kəsişmə toru” kimi tanıan nişanlanma xətti barədə norma Qanuna əlavə edilib.
Eyni zamanda yeni bir məlumatverici-göstərici nişan olan 5.53 “Daimi sağa dönmə" nişanı qanuna əlavə edilib. 5.53 nişanı tətbiq edilməklə, daimi sağa dönməyə icazə verilmiş yolayrıcında sağa dönən sürücü başqa istiqamətlərdən gələn nəqliyyat vasitələrinə, habelə dönməyə başladığı və dönəcəyi yolların hərəkət hissələrini keçməkdə olan və hərəkətinə icazə verilmiş piyadalara yol verməlidir.Bu nişanı mümkün olan bəzi yolayrıclarında tətbiq etməklə,orada nəqliyyatın daha rahat hərəkətini təşkil etmək mümkün olacaq. Bəzi digər redaktə xarakterli düzəlişlər də edilir”.
Qeyd edək ki, “Yol hərəkəti haqqında” qanuna edilən dəyişikliyə əsasən, yol hərəkətinin nizamlanması üçün əlavə iki nişan tətbiq ediləcək.
Gülşən Şərif / Redaktor.az












