Yerdə müqəddəs bir şey saxla, ilahi...

 15:04 27.06.2019     41548

Mənə elə gəlir ki, üzərimizə qalın və kədərli bir ətalət pərdəsi çəkilib.

Yerdə müqəddəs heç nə qalmayıb. Göylər də ki, bizlik deyil... Ən yaxşı halda təyyarəylə bir ölkədən o başqa ölkəyə adlayacaq qədərdi gücümüz. Ənginliklər xülya. Romantika. Səfsəfə. Cəfəngiyyat. Gerçəkliyə qayıdaq. Bu halı sürətlə və artıq dönə-dönədir hiss edirəm. Sanki gedişat bütün müqəddəs sayıla biləcək sözlərin və ya ifadələrin ağızdan çıxan kimi, havadaca buxarlandığını gözlərimə soxur. Bildiyimsə ayrıydı axı... Sözlər varmış, ilk hərfdən beyni zoqquldadar, ürəyi titrədər, ayaqları yerdən üzərdi... Yaşantılar varmış ki, yaşayanların qarşısında diz çökdürərmiş, boyunlar qıldan incə edərmiş... Hər halda beləymiş bilmişəm. Yanılmışamsa, mənə yazıqlar olsun. Özümdən üzr istərəm dönə-dönə... Amma anladığım bir nəsnələr var ki, milliyətindən, dinindən, zəngin-fəqirindən, hündür-alçaqlığından bir sözlə heç bir fərqindən asılı olmayaraq onu hər kəs eyni havayla yaşar. Canından can gedincə anlarsan bunu ancaq.

Mən nə həyat yoldaşı, nə da ana deyiləm. Monotonca desəm, bətnimdə doqquz ay körpə saxlayıb, sonra da bağıra-bağıra onu dünyaya gətirməmişəm. Amma qandığım da var. Bir qadın bağıraraq canından can çıxarırsa, bunun ən azından ağrı-acılı olduğunu başa düşə bilirəm. Bu, artıq özəl bir şeylər olmalı deyə hiss edirəm... Bu yazımdakı sətirlərdə, lap elə ifadələrdə yalnışlıqlar, sapmalar, dil xətaları, bəsitlik ola bilər. Lütfən, üzürlü bilin. İradınız gördüklərimdən solmaq üzrə olan rəngsiz gözlərim üstə... Ya da elə bü gün sosialda rastıma çıxan bir fotonu görər-görməz ağrıyan başım üstə... Gənc şair Uluçay Akif paylaşmışdı fotonu. Fotoda bir ana qucaqlamışdı gənc şair dostum. Məcburiyyət, kədər, əlacsız və daha bilmədiyiniz bir çox şeylərdən növbətçi gülüşlə əks olunmuşdu fotoda qadın. Ona görə bilmədiyiniz yazdım ki, mən və minlərlə mənim kimiləri bunu bilir. Detallara varmayacam. Fotoya yazılan statusdan qadının şəhid xanımı olduğu, universitetdə xadimə işlədiyi və hər kəsin də onu sevdiyi yazılırdı... Sevginizə təzim edirəm. Sizlik deyil, içimə saran sarsıntı... Bulanıq görünə bilər sizə yazacağım. Amma fotonu görər-görməz gözlərimə bir rəsm göründü: başıaşağı süpürdüyü hər yer şəhidinin məzarının üstüydü. Ürpəndim...

Əslində, bu yazı burada da bitməliydi. Mənə və baxış tərzimə görə. Amma yox, bəzən bir az ucadan, daha da ucadan danışmaq lazımmış. Bağışlayın, əzizi mənlər. Bu romantika filan deyil. Bu gerçəkdi. Əynində xadimə geyimi universitet dəhlizini süpürməyə məhkum şəhid xanımı. Dəhliz süpürən şəhid xanımı... Əvvəldə nə demək istədiyimi anladınmı əziz dost?! Adamın hər sözdən özünü asmağı gəlir! Etiraf edirəm. Son vaxtlar özümü ifadə etməyi bacarmıram. Bu yazını yazarkən də eyni havadayam. Hər şey əksinə olmalı deyilmi, əzizlər? Qalxıb da halal çörəyini qazanır, yüzlərlə eləsi var və sairə kimi sözlər yazmayın, qurban olum, yazmayın. Nəbadə! Başqası başqa, o başqadı! Yüzlər yox, minlər yox, milyonlar olsa belə, fərq etməz. Hər şeyin ən əlası onun olmalıdı! Ən bahalısı, ən görməlisi, ən ənləri onun olmalıdı! Yalnışamsa, qəlbinizə toxundumsa qanım halaldı. Bilirəm və təkrar edirəm ki, pərakəndəyəm, elə də yazıram. Öncədən üzrümü istəmişəm. Adamın canından qopan ölmüş, torpağa gömülmüş! Bir də ona nə toxuna, nə qoxlaya nə də öpə biləcək. Gedənindən sonra onun hansı şərtlərdə yaşaması artıq ona fərq etməz. Amma dəyərlər var axı... Baş tacımız, ən zirvəmiz, müqəddəsimizdi onlar. Onlardan geridə qalanlar da. Şəhiddən geridə qalan elə şəhid kimidi. O şəhid qadınının başqa kimi-kimsəsi varmı-yoxmu, onu bilmirəm. Amma güzəranı dəqiq yoxdu. Olsaydı şəhidinin əksini gördüyü yerləri süpürməyə məcbur qalmazdı.
Bir gün bu cümləni yazmaq istəmərim, heç istəmirəm: yerdə müqəddəs bir şey saxla ilahi... Ölümü də sevgili etmə!

PS: O xanım həm də təhsilli mühasibmiş...

Mintac Elsevər