Azərişıq", “Azərsu”, “Azəriqaz” “Azəristilik” ÖZƏLLƏŞDİRİLSƏ... - ÇOX ADAM "ARIQLAYAR"?

 11:00 28.06.2019     1534

Rəqabət mühiti olmayan yerdə inkişaf mümkün deyil.

Sabiq maliyyə naziri, professor Fikrət Yusifov Redaktor.az-a açıqlamasında dövlət şirkətlərinin özəlləşdirilməməsinin fəsadlarından danışıb.

Sabiq nazir hesab edir ki, bütün xidmət sahələrində rəqabət mühitinin yaradılması olduqca vacib şərtdir:

“Bu mühitin olmaması müxtəlif əyintilərə yol açır. Ölkədə aparılan islahatların bir istiqaməti də ən qısa zaman kəsiyində  dövlət monopoliyasında olan ”Azərişıq”, “Azərsu”, “Azəriqaz” “Azəristilik” kimi sahələrin özəlləşdirilməsi olmalıdır.  Adı çəkilən sahələrin özəlləşdirilməsi və bu yolla həmin sahədə rəqabət mühitinin formalaşdırılması olduqca vacibdir. Elektrik, qaz, su, istilik təminatı ilə bağlı bir neçə özəl qurum yaradılmalı və onlar arasında rəqabət mühiti formalaşmalıdır ki, keyfiyyətli xidmət ortaya çıxsın. Bu mühitin yaranması ilk növbədə xidmətin keyfiyyətini yaxşılaşdıracaq, ikincisi, rəqabət müstəvisində şirkətlər daha ucuz xidmət təklif etməyə çalışacaqlar. Bu da bazarda qiymətlərin tənzimlənməsinə şərait yaradacaq. Bu gün xidmət bazarında ”Azərişıq", “Azərsu”, “Azəriqaz” “Azəristilik” faktiki olaraq monopolistdir və onlar abonentlərə qiyməti diktə edirlər. İnsanların isə başqa seçim variantı qalmır”.

F. Yusifov vurğulayıb ki, göstərilən xidmət sahələrində özəlləşdirmə bu xidmətlərin təşkilində yol verilən neqativlərə, maliyyə pozuntularına (yeyintilərə) və digər problemlərə də son qoyacaq:

“Hazırda bu xidmət sahələrində maya dəyəri istənilən şəkildə şişirdilir. Maya dəyərinin şişirdilməsi isə qiymətin qalxması, yəni tariflərin artırılması deməkdir. Bu gün su, işıq, qaz, istilik təchizatı sahəsində bu məsələdə kifayət qədər problemlər var. Göstərilən xidmət sahələrinin özəlləşdirilməsi həm də dövlət büdcəsinin yükünün azalmasına gətirib çıxaracaq. Xidmətin keyfiyyətini və qiymətləri isə bazar diktə edəcək. Hər kəs çalışacaq ki, yaxşı və ucuz xidmət göstərsin. Ancaq elə etmək lazımdır ki, vətəndaş seçim edə bilsin, şirkətlər isə müştəri itirməmək üçün dəridən-qabıqdan çıxsın. Onda bu sahədəki bütün problemlər həllini tapacaq”.

Firuzə Vahid / REDAKTOR.AZ

Vumart və Güvən reklamı Vumart Güvən