Qarabağ qazisi Real-TV-yə etiraz etdi - "Şirin Mirzəyevlə bağlı DEYİLƏNLƏR YALANDIR"

 14:38 28.06.2019     6239

Qarabağ Qazisi Rey Kərimoğlu Real-TV-nin efirində yayımlanan “Mir Şahinin vaxtı” verilişində  Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik - leytenant Şirin Mirzəyevin ölümü ilə bağlı səsləndirilən məlumatlara aydınlıq gətirib.

O, Redaktor.az-a bildirib ki, həmin fikirlər böhtandır və məsələyə aydınlıq gətirilməsi üçün kanal rəhbərliyi qazilərdən birini efirə dəvət etməlidir:

“Mirşahin Ağayev məni efirə dəvət etmişdi. Amma iki gün öncə Real TV-nin əməkdaşı zəng edərək, məni onunla görüşə dəvət etdi, razılaşdım. Lakin 5 dəqiqə sonra həmin şəxs yenidən zəng edərək, Mirşahin Ağayevin hansısa işlə bağlı şirkətdən çıxdığını dedi. Sonra da gün ərzində zəng olmadı. Mir Şahin ola bilər ki, növbəti günlərdə bizi efirə dəvət etsin. Bu məsələylə bağlı açıqlama verməliyik. Çünki İlham Ələkbərovun efirdə səsləndirdikləri tamamilə yalandır, həqiqəti əks etdirmir. Buna görə də qazilər çox narahatdır”.

Şirin Mirzəyevin döyüşçülərindən biri olan Rey Kərimoğlu qeyd edib ki, ailəsi Mirzəyevin cəsədinin görüntülərinin yayılmasından narazıdır:

“Yəqin ki, şəhidin ailəsi baş verənlərlə bağlı yaxın günlərdə açıqlama verəcək. Yeri gəlmişkən, ailəsi görüntülərin o şəkildə yayımlanmasına etiraz olaraq MTRŞ-a müraciət edib. Başqa məlumatlar da var. Lakin onu mətbuatda səsləndirə bilmərəm. Özümüz nizamlayacağıq”.

Qarşı tərəfin mövqeyini öyrənmək üçün Real-TV-nin Baş Direktoru Mir Şahin Ağayevlə əlaqə saxladıq. O, mediaya açıqlama vermədiyini bildirdi. Amma bütün hallarda şirkətin mövqeyini işıqlandırmağa hazırıq.

Qeyd edək ki, Real.TV-nin efirində - “Mir Şahinin vaxtı” verilişində özünü 90-cı illərdə hərbi operator kimi təqdim edən İlham Ələkbərovun Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik - leytenant Şirin Mirzəyevin ölümü ilə bağlı səsləndirdiyi fikirlər Qarabağ döyüşçüləri və şəhidin ailəsinin etirazına səbəb olub.

Xəyalə Məmmədova / REDAKTOR.AZ

Vumart və Güvən reklamı Vumart Güvən