Kurikulum sistemi Azərbaycan təhsilinə NƏ VERDİ?

 15:28 28.06.2019     4139

2008-2009-cu tədris ilindən birinci siniflərdə kurikulum sisteminin tətbiqinə başlanılıb.

Kurikulumun məqsədi şagirdlərə müstəqil həyatda lazım olan əməli biliklərin öyrədilməsi və onların məntiqi təfəkkürünü inkişaf etdirməkdən ibarətdir.

Kurikulum sisteminin təhsil sisteminin inkişafına təsirləri ilə bağlı təhsil eksperti Elçin Əfəndi Redaktor.az-a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Kurikulum sistemi ölkə təhsilinə nə verib?

- 2009-cu ildən etibarən ölkəmizdə yeni təhsil sistemi olan kurikuluma keçid olub. 2016-cı ildən başlayaraq, bu sistemin tətbiqinin nəticələri ilə bağlı tanış olmağa başlanılıb. Belə ki, Dövlət İmtahan Mərkəzinin 2016-cı ildə 9-cu siniflər üzrə keçirdiyi buraxılış imtahanlarında şagirdlərin böyük əksəriyyəti riyaziyyat fənni üzrə “2” qiyməti aldı. Hətta rayonlar üzrə nəticələr daha aşağı göstəriciyə malik idi. Bu göstərici yeni sistemin Bakı və ətraf rayonlara nisbətən, digər ərazilər üçün hələ də yad olduğunu göstərirdi.

- Kurikulum standartlarında verilən dərsliklər tələblərə cavab verirmi?

- Təhsil Nazirliyi bir neçə il öncə dərsliklərin hazırlanması ilə bağlı müvafiq addım atmışdı. Atılan addım daha çox müəllif yarışmasında rəqabət təsirini bağışladığı üçün bəzi dərsliklərdə xətalara yol verildi. Nəticədə bir neçə dərsliklərdə kurikulum standartlarından kənaraçıxma halları müşahidə olundu. Yol verilən xətalar şagirdlərdə fikir ayrılıqları formalaşdırdı. Ona görə də bu dərsliklər qəbul edilmədi. Bəzi fənnlər istisna olmaqla, qalan fənnlər hələlik kurikulum sisteminin standart tələblərinə cavab vermir. Hal-hazırda dərsliklərlə bağlı monitorinqlər aparılır və müəyyən dəyişikliklər edilir. Yaxın zamanalarda bu məsələlər öz həlli yolunu tapacaq.

- Elçin bəy, bu il ali məktəblərə buraxılış və qəbul imtahanları yeni sistem əsasında həyata keçirildi. Nəticələr gözlənilən kimi hesab oluna bilərmi?

- Builki imtahanlarda əldə olunan nəticə göstərir ki, kurikulum sistemi ölkə üzrə hələ də tam olaraq öz təsdiqini tapmayıb. Bunun isə müxtəlif səbəbləri var. Əsas səbəblərdən biri kurikulumu tədris edən və bu sistemin metodologiyasını bilən müəllim kontingentinin formalaşdırılmamasıdır. Yaxın 5 il ərzində kurikulum sistemi üzrə müsbət yöndə inkişafa nail ola biləcəyik.

- Yəni, müəllimlərimizin heç də hamısı  kurikulum sistemini mənimsəyə bilməyib.

- Kurikulum sistemini tam mənimsəyən müəllimlərimiz var. Ancaq onların sayı olduqca azdır. Əsasən orta məktəblərdə dərs deyən müəllimlər sistemi tam olaraq mənimsəməyib. Lakin onları qınamaq olmaz. Çünki proses tədricən özünü doğruldacaq və onlar bu prosesdə hələlik axtarış və öyrənmə mərhələsindədirlər. Müəllimlər yeni sistemi tam mənimsədikdən sonra effektiv təsirlər özünü göstərəcək.

- Kurikulum sistemi ilə bağlı dəyişikliklərə ehtiyac varmı?

- Sistem yeni olduğu üçün müəyyən mənfiliklərin olması qaçılmazdır. Kurikulum sistemini daha da inkişaf etdirmək əsas və vacib məsələdir. Bu zaman ixtisaslı kadrlar hazırlamaq, dərsliklərin keyfiyyətini və onların sistemin standart tələblərinə tam cavab verməsini təmin etmək lazımdır. Eyni zamanda, regionlarda kurikulum sistemi ilə bağlı təbliğat prosesini daha da intensivləşdirmək lazımdır. Bu addımlar sistemin gələcəkdə özünü doğrultmasına gətirib çıxara bilər.

Gülşən Şərif / Redaktor.az