Kolleclərə qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ - Bu tarixdən etibarən...
“9 illikdən kolleclərə ixtisas seçim təsdiqi iyul ayının 24-dən başlanacaq və avqust ayının 6-dək davam edəcək”.
Bu sözləri təhsil eksperti Elçin Əfəndi Redaktor.az-a açıqlamasında bildirib.
O, bu il 9 illikdən kolleclərə qəbul üçün ümumilikdə 11366 plan yerinin ayrıldığını qeyd edib:
“9 illikdən kolleclərə qəbul yeni qaydada, kurikulum sistemi əsasında aparılır. Buraxılış imtahanları iki mərhələdə həyata keçirilir. Birinci mərhələdə abituriyentlərə Azərbaycan dili (və ya rus dili), riyaziyyat və xarici dil fənləri üzrə 45 tapşırıq təqdim olunur. Burada əldə oluna bilinəcək ən yüksək bal 90, fənlər üzrə isə 30 baldır. İkinci mərhələdə isə abituriyentlərə bütün suallar qapalı tipli olmaqla, 30 test tapşırığı verilir. Burada əldə oluna bilinəcək ən yüksək bal 210, fənlər üzrə isə 70 baldır. İki imtahan nəticəsi birgə 300 baldır.

İxtisas seçimində iştirak etmək üçün ümumi bal 50-dən az olmamalıdır.
Müsabiqədə iştirak üçün Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən müsabiqə şərtləri təyin olunub. Belə ki, müsabiqəyə hər iki imtahan mərhələsi üzrə topladıqları ümumi balı 50-dən az olmayan abituriyentlər buraxılır. Bu zaman qabiliyyət tələb edən ixtisaslar üzrə fənlərə bal məhdudiyyəti tətbiq olunmasa da, qabiliyyət tələb etməyən ixtisaslar üzrə bu məhdudiyyət var. Şagirdlərdən qabiliyyət tələb etməyən ixtisasların müsabiqəsində iştirak etmək üçün Azərbaycan dili və ya rus dili fənni üzrə 20, riyaziyyat fənni üzrə 10 bal tələb olunur. Xarici dil fənninə isə ümumiyyətlə, bal məhdudiyyəti tətbiq olunmur.
İxtisas seçimi ilə təsdiq avqust ayının 6-dək davam edəcək.
2019/2020 tədris ili üçün ümumi orta təhsil bazasında 9 illikdən kolleclərə qəbul üçün ümumilikdə 11366 plan yeri ayrılıb. Onlardan 9928 yer Azərbaycan, 1438 yer isə rus bölməsi üzrədir.
İlkin ərizə qəbulunda iştirak edə bilməyənlər yenidən müraciət edə bilər.
Cari ilin məzunları ilkin ərizə qəbulu zamanı iştirak edə bilməyiblərsə, hal-hazırda Dövlət İmtahan Mərkəzi onlar üçün bu şansı yaradıb. Həmin məzunlar avqustun 6-a qədər ərizə qəbulunda iştirak edə bilərlər. Hazırda ərizə qəbulu davam edir və bu günədək 21127 nəfər ərizə verib. onlardan da 20516 nəfəri Azərbaycan, 611 nəfəri isə rus bölməsinə aiddir”.
Qeyd edək ki, ötən gün 9-cu sinif şagirdləri kollecə qəbulla bağlı buraxılış imtahanı verib.
Gülşən Şərif / Redaktor.az












