Yaşadığım bu 23 il kimsəsiz uşaq kimi özünə qısılıb bircə səhifəyə çeviriləcək... – Şahin Sərdarlı yazır...

 19:37 06.07.2019     600

Artıq dağ boyda səhifəni dolduracaq sözün sahibi deyiləm mən. Dağ demişkən, bu bir neçə gün sinəmə elə dağ çəkdi ki, həyatda etmədiyim səhvlərin belə əzabını çəkdim. Bu əzab gözlərimdə alışdı, yandı. Bir ovuc sel oldu, yudu apardı xəyallarımı. Arzularımı da əlimdən aldı...

Gərək özüm də gedəydim o sel dalıyca. Bir ovuc sel içində getməyə nə var?! Gərək gedəndə də belə gedəsən, təmiz gedəsən, saf gedəsən. Yuya cismini də sevginin döndüyü bir ovuc sel-suları... Qayıtmaqmı?! Göstərin o yolu mənə...

O yol hanı?! İki nəfərin gedə biləcəyi, dönə biləcəyi bir cığır belə görmürəm həyatımda. Yaxşısı budur, o sel-sularında buxar olam, gün vura, buludlar arxasına qaldıra məni. Heç olmaya, onda gün görəm. Qoy, deməsinlər gün görmədi bu balaca oğlan. Qoy, deməsinlər yolu yoxuydu. Qoy, desinlər o buludlar üstə gəzməyə nə var?!

Bağışla məni, mən bulud ola bilmərəm. Bir damcı yaş olub o incə əlinə düşəmmərəm, öz ovcuma düşdüyümə baxma...

Deyəsən, ömrüm kimi bu boş səhifə də yavaş-yavaş dolur. Bir gün mən də bir səhifəyə çeviriləcəyəm. Bax, o zaman yaşadığım bu 23 il kimsəsiz uşaq kimi özünə qısılıb bircə səhifəyə çeviriləcək. İkinci bir səhifə uydurmadır, inanma...

Mən zamana qalib gəlmək arzusunda olmuşam. Nə fayda, dünya ki qoca dünyadır...

İndi mən getməliyəm, kirmişcə, asta-asta. Gördüyün o buludların arasından sivişib keçməliyəm. Hə, bir şeyi də deyim, durduğun yerdən o mavi səma, oradan da tapdadığın bu möhtəşəm yer heç yaxşı görünmür, arada bu qədər məsafə olduğu üçün...

Müəllif: Şahin Sərdarlı