Parlament rəhbərliyindən prezidentin imzasına SAYĞISIZLIQ - Fazil Mustafa BUNUN SƏBƏBİNİ AXTARIR

 14:53 11.07.2019  465

Milli Məclisin Komitə sədrləri məhz prezidentin imzasına hörmət əlaməti olaraq öz komitələrinin üzvü olan deputatlara bu medalı verməli idi.

Redaktor.az bildirir ki, bu iradla millət vəkili Fazil Mustafa çıxış edib.

Millət vəkili qeyd edib ki, 119 millət vəkili, müxtəlif media quruluşlarının rəhbərləri, dəyərli tədqiqatçılar və ziyalılara bu medal verilib:

“Cümhuriyyətin 100 illiyi münasibəti ilə təsis olunmuş yubiley medalı ölkə prezidenti tərəfindən haqlı olaraq cəmiyyətin müxtəlif sahələrində çalışan dəyərli insanlarımızdan bir qisminə verildi. Təltif olunanların içində böyük Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadənin adının olması xüsusilə sevindirici idi. Ölkə prezidentinin imzası ilə bu cür anlamlı medalı almaq hamımızı sevindirdi və buna görə də hər birimiz öz minnətdarlığını bildirdi”.

F. Mustafa burada olan xoşagəlməz hala da diqqət çəkib:

“Sosial şəbəkələrdə paylaşımlardan anlaşıldı ki, təltif olunanlara bu mükafatlar müxtəlif sahələrə rəhbərlik edən vəzifəli şəxslər tərəfindən təqdim olunub. Bu çox yaxşı haldır, çünki medal ölkə prezidentinin imzası ilə verilib. Bu imzaya xüsusi sayğı göstərmək lazımdır və prezidentin adından bu medalın təqdim olunması ritualının xüsusi etik anlamı var. Necə ki, bunu prezidentin köməkçisi Əli Həsənov Rauf Arifoğluna, təhsil naziri Ceyhun Bayramov Anar İsgəndərliyə, KİVDF-nin sədri Vüqar Səfərli Rəşad Məcidə medal verərkən etdilər. Lakin Milli Məclisin deputatlarına prezidentin imzası ilə verilən medalları elə öz köməkçiləri təqdim edib. Bunu Milli Məclis rəhbərliyi səviyyəsində kimsə təqdim etməyi məqsədəuyğun saymadı. Ən azı Milli Məclisin Komitə sədrləri məhz prezidentin imzasına hörmət əlaməti olaraq kiçik bir təqdimetmə mərasimi düzənləyib medianın qarşısında öz komitələrinin üzvü olan deputatlara bu medalı versəydi daha anlamlı olmazdımı? Bu kimi hallara baxmayaraq ölkə prezidenti İlham Əliyevə bu qədər geniş spektrdə dəyərli insanlarımızı belə bir anlamlı medalla təltif etməsinə görə bir daha təşəkkürümü bildirirəm”.

Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı bir qrup media, qeyri-hökumət təşkilatları nümayəndələri və ictimai xadimləri medalla təltif olunub.

Firuzə Vahid / REDAKTOR.AZ