Yeni kolleclər ölkədə dini savadlılığa NECƏ TƏSİR EDƏCƏK?

 17:56 11.07.2019  96

Nardaran, Lənkəran, Gəncə və Quba-Xaçmaz bölgəsində dini kolleclərin açılması gözlənilir.

Yeni kolleclərin açılması dini savadlılığa necə təsir edəcək?

“Qurani-Kərim”in tərcüməçisi, şərqşünas-alim, teoloq Nəriman Qasımoğlu Redaktor.az-a açıqlamasında bildirib ki, kolleclərin açılması dini şüurda Azərbaycançılıq ideologiyasının yer almasına təkan verə bilər:

“Bu kolleclərin açılması dini maarifləndirmə işlərinin gücləndirilməsinə yönəlik addımlardan biridir. Bu addımın müsbət təsirlərinin olacağı gözləniləndir. İnsanların bir qisminin dinə ehtiyacı var. Bu insanların böyük qisminin təsəvvürü  təhriflidir. Belə ki, bəziləri dövlət-din münasibətlərini düzgün anlamırlar. Dini kolleclərin açılması Azərbaycanda İslam modelinin genişlənməsinə, tarixdən bizə miras qalan İslamın mahiyyətinə daha uyğun olan yanaşmanın yayılmasını təmin edə biləcək.

Düzgün dini təhsilin verilməsi vətəndaşların xarici qüvvələrin aləti olmasına mane olacaq

Dini kolleclərin açılması üçün nəzərdə tutulan bölgələrdə müəyyən təhrifedici təsəvvürlər geniş yayılıb. Yəni, insanları dini-siyasi məqsədlərə alət edən xarici dairələrin təsir gücü bu bölgələrdə daha yüksəkdir. Eyni zamanda, cənub bölgəsində  azyaşlıların evləndirilməsi, təhsildən yayınması  kimi hadisələr tez-tez yaşanır. Dinimizə zidd olan bu əməllərin qarşısının alınması üçün müəyyən addımlar atılacaq.

Dini tədrisin uğurlu nəticə verməsi uzunmüddətli prosesdir

Dini kolleclərin açılması fonunda gözləntilərin doğrulması üçün kadrlar yetişdirilməlidir. Bundan başqa, dini dərsliklər hazırlanmalı və cəmiyyət bu işə cəlb edilməlidir. Hər halda atılan addımların gələcək perspektivlərinin olacağına inanmaq olar”.

"Azvision.az” xəbər portalının baş redaktoru Vüsal Məmmədov isə bildirib ki, dini kolleclərin yaradılması dini savadlılığının səviyyəsinə təsir edə bilməyəcək:

“Nəzərdə tutulan addım  “düz” və “səhv” deyilən iki anlayışı ayırmağa yönəlib. Nəticədə cəmiyyətə düzgün dinin öyrədilməsinə cəhd edilir. Lakin bu, dini savadlılıq sayılmır. Dini savadın ən yaxşısı insanlara Sovet dövründə verilirdi. Bu, paradoksal səslənsə də, reallıqdır. Sovet dövrünün elmi ateizm kitabları dini savadı çox ətraflı və gözəl izah edirdi. Dinlərin mənşəyi, bir dinin digərindən necə yaranması göstərilir və təkamülü izah olunurdu. Eyni zamanda, dinə müxtəlif baxış bucağı ilə yanaşılırdı.

Dini kitablar əsasında bilik verilməyindinsə, dini kitabın nə olduğu öyrədilməlidir

Dini savadlılığın artması üçün dinin elmə baxışı operativ şəkildə başa salınmalıdır. Həmçinin bütün mövqelər insanlara çatdırılmalıdır. Məqsədimiz dini düzgün təbliğ etmək yox, dinin nə olduğunu cəmiyyətə öyrətmək olmalıdır. Yəni, dinin pis və ya yaxşı olduğunu öyrətməməliyik. Sadəcə dinin yaranma səbəbi və mahiyyətin çatdırılmalıdır.

Dini kolleclərinin açılmasına dair gözləntilərin reallaşması məqsəddən asılıdır

Məqsəd insanların ölkəyə xaricdən ixrac olunan dini təriqətlərə uymamasıdırsa, nəticə 20-25% civarında ola bilər. Çünki bütün hallarda xarici ölkələrdən ixrac olunan dini təriqət daşıyıcıları təbliğat işində çox həvəslidirlər”.

Qeyd edək ki, dini kolleclər Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nəzdində fəaliyyət göstərəcək. Həmin kolleclər bir növ İlahiyyat İnstitutunun alt qurumu rolunu oynayacaq.

Gülşən Şərif / Redaktor.az