İmtahan vaxtı QƏRARGAH YARADILMALIDIR - Ekspert nöqsanlardan danışdı

8 iyuldan başlayaraq orta məktəblərdə işləmək üçün müəllimlərin işə qəbulu üzrə imtahanlar keçirilir.
Redaktor.az xəbər verir ki, imtahan gedişatının mövcud vəziyyəti ilə bağlı təhsil eksperti Kamran Əsədov açıqlama verib.
O bildirib ki, növbəti illərdə imtahanların gedişatı ilə bağlı daha ciddi tədbirlər görmək zəruridir:
“2014-cü ildən başlayaraq, Təhsil Nazirliyi tərəfindən keçrilən Müəllimlərin İşə Qəbulu (MİQ) və Müəllimlərin Diaqnostik Qiymətləndirilməsi (DQ) imtahan nəticələri pedaqoji mühitdə mənəvi, stimulverici məsələləri nizamlayan əsas göstərici oldu. Respublika üzrə müəllimlərin bilik və bacarıq səviyyəsi haqqında son illərdə olduğu kimi, heç vaxt dəqiq və ətraflı məlumat əldə olunmamışdı. Həmçinin ixtisasını yüksək səviyyədə bilən müəllimlərin sayı indiki qədər çox olmayıb. Bunlar çox ümidverici, tarixi nailiyyətdir. Lakin iş olan yerdə nöqsan da olar. Ona görə də Təhsil Nazirliyi bu məsələdə diqqətli olmalıdır. Nöqsanlı məsələləri dəyirmi masada mütəxəssislərlə müzakirə etmək işin xeyrinə olardı”.
K.Əsədov vurğulayıb ki, növbəti illərdə neqativ halların baş verməməsi üçün imtahan proqramının və ədəbiyyat siyasının olması labüddür:
“Testlərin təkcə qapalı (cavabları variantlarla qeyd olunan) olmasına ehtiyac yoxdur. Eyni zamanda açıq tipli test tapşırıqlarından da istifadə olunmalıdır ki, savadlı, bilikli və hazırlıqlı namizədlər uğur qazansın. Eyni zamanda hansısa bir narazılığa da operativ cavab vermək üçün qərargah olmalıdır və həmin gün hansı fənnin imtahanıdırsa, o ixtisas üzrə test müəllifləri orada əyləşməlidir. Məsəl var ki, dəmir döyülə-döyülə bərkiyər! Hər halda müqəddəs bir iş üçün çəkilən əziyyət halal olar. Ona görə də növbəti ildən hər kəs buraxılış vərəqi ilə öncədən müəyyənləşmiş yerdə oturub, imtahan versə, əlavə söz-söhbət də olmaz. Həmçinin imtahan iştirakçıları yazdıqları testləri imtahandan sonra görməlidir. Burada faciəvi heç bir şey yoxdur”.
Qeyd edək ki, Test imtahanlarının iyulun 24-nə qədər keçiriləcəyi nəzərdə tutulur.
Gülşən Şərif / Redaktor.az