Bölünmüş Azərbaycana aparan yol - Rusiyanın toruna düşən xanlıqlarımız

 15:32 17.07.2019     26395

Tariximizin ən ağır, kədərlə xatırlanacaq dövrlərindən biri də “xanlıqlar dövrü”dür.

Azərbaycanın bölünməsinin özülü xanlıqlarımız arasında gedən “mənəmlik” davasından başladı. Onlar bir olub birlik nümayiş etdirə bilmədiklərinə görə bu gün düşmən olanlar məqsədli şəkildə yurdumuza yerləşdirildi. Qısacası, bir deyil, iki deyil, hansı birini deyəsən. Məqsədimiz heç də keçmişi baltalamaq yox, buraxılan səhvləri xatırlayıb, ibrət dərsi almaqdır. Azərbaycan üzərində qurulan oyunları həmin dövrün məktublarında da aydın görmək mümkündür. Gürcü əsilli rus generalı, Rusiyanın Qafqazdakı qoşunlarının baş komandanı Pavel Dmitriyeviç Sisianov 1803-cü il yanvarın 15-də Rusiyanın Bakıdakı baş konsulu N.S.Skibnevskiyə məktub yazaraq Bakı xanı Hüseynqulu xanla danışıqlara başlamaq üçün hərəkətə keçməsini tövsiyə edir. Rusiya tarixçisi, qafqazşünas, professor Rudolf İvanovun araşdırmalarından əldə etdiyimiz həmin məktubu təqdim edirik:

Sizin rütbənizə və şəxsi layaqətlərinizə olan etibara görə hökmdar imperatorun icrasını mənə təyin etməyi rəva bildiyi tapşırıqları sizə açıb deyirəm. Siz bilirsiniz ki, Bakı limanı Rusiyanın ticarət gəmiçiliyi üçün nə qədər lazımlı limandır. Bizim diqqətimiz indi şəhərin özündən daha çox ona yönəlmişdir. Ancaq şəhərin limanla birlikdəki təbii vəziyyətinə görə münasib bir vaxtda bizim qoşunların Bakını tutuması lazım gələcəkdir, tez və ya gec bu, qaçılmaz olacaqdır.

Bakı xanın acınacaqlı vəziyyəti və onun iki güclü rəqib tərəfindən – Mustafa xan Şirvanlı və Şıxəli Dərbəndli tərəfindən sıxışdırıldığı sizə daha yaxşı məlumdur. Yaxşı olardı ki, müxtəlif təlqinlərinizlə onu Rusiyadan başqa heç yerdə kömək və himayadarlıq axtarmamağa inandırasınız; inandırasınız ki, Şıxəli xan Mustafanı, bəlkə elə onun özünü də tabe etmək üçün qoşun istəyir. Hüseynqulu xan tamam məhv, darmadağın olmaqdan qurtulmaq naminə özü İmperatordan Bakıdakı qarnizonunu qorumaq üçün müdafiə istəməlidir, bəlkə belə bir lütfü ona göstərməkdən imtina etməzlər. Əgər siz öz təlqinlərinizlə onu Bakını bizə heç bir maneəsiz verməyə inandıra bilsəniz, mən dərhal bu barədə hara lazımdır çatdırar və sizin bu səylərinizi və ağlınızı tam ədalətli şəkildə dəyərləndirəm və bunun ardınca yaxşı bir mükafat gələcəyinə şübhə etmirəm.

Hüseynqulu xanın nə qədər açıq olduğunu və sizin təkliflərə nə qədər şirnikləndiyini nəzərə alaraq, bundan bir nəticə çıxara bilərsiniz, əgər qoşun ona tez bir zamanda lazım olarsa, onda mən hökmdar İmteratorun tam razılığına malik olduğum üçün elə o saat kömək üçün ona Gürcüstandan iki batalyon göndərə bilərəm. Ancaq bütün bunları müstəsna olaraq sizin diqqətinizə çatdırıram və sizə onları tam gizli saxlamağa tapşırıram.

Təqdim etdi: Rəşad Sahil