“Elm sahəsində dünyadan geri qalmışıq” - Zaur Əliyev

 11:43 18.07.2019     1344

“Əcnəbilər elmi kəşfləri ilə Marsı tədqiq edirlər, biz isə kağız toplamaqla məşğuluq”.

Redaktor.az xəbər verir ki, bunu siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev bildirib.

Ölkəmizin elm sahəsindəki mövcud vəziyyəti şərh edən dosent Z. Əliyev qeyd edib ki, bu sahədə inkişaf edə bilmir, nəticədə öz elmimizi dünyada tanıda bilmirik. Buna mane olan əngəllər mütləq şəkildə aradan qaldırılmalıdır:

“SSRİ dağıldı, onunla birgə köhnə sistemin tələbələri də zamanla məhv olub, getdi. Azərbaycan isə SSRİ-nin yeganə varisi olaraq qalır. Xüsusən də elm sahəsində SSRİ Azərbaycanda özünü yaşadır. Bu gün Azərbaycan elm və təhsil sahəsində SSRİ-dən qalan ənənələri davam etdirən yeganə varisdir. Regionun güclü dövləti deyə-deyə elm sahəsində dünyadan geri qalmışıq. Bəyənmədiyimiz Gürcüstanda bu istiqamətdə aparılan islahatlar ilk növbədə, elmi dərəcə və elmi adlarla bağlı olub. Belə ki, “elmlər namizədi” və “elmlər doktoru” elmi dərəcələri ləğv edilib və ölkədə vahid elmi dərəcə – “doktor” (PhD) – müəyyən edilib. Əvvəlki dövrdə “elmlər namizədi” və “elmlər doktoru” elmi dərəcələri alanların da elmi dərəcələri “doktor” ilə əvəz edilib. Əvvəlki elmi adlar da tamamilə ABŞ sisteminə uyğunlaşdırılıb və yeni sistemdə “asissent”, “asissent professor”, “assosiativ professor” və “professor” elmi adları (vəzifələri) müəyyən edilib.

Bu gün Avropada və inkişaf etmiş ölkələrdə  iki doktorluq yoxdur

“Yalnız fəlsəfə doktoru var, bunu PhD kimi qeyd edirlər. “Fəlsəfə doktoru” elmi dərəcəsinin sahibi yalnız filosof deyil, həm də müxtəlif elm sahələrinin nümayəndələri - riyaziyyatçı (fizik, bioloq, kimyaçı, hüquqşünas, ədəbiyyatçı, dilçi və s.) da ola bilər. Avropada dosent və professor adının alınması məsələsi təbii ki, imtahanla olur. İmtahan isə Təhsil Nazirliyi ilə birgə keçirilir. Tədqiqat işinə gəldikdə isə elmi işin kəşf olduğu sübuta yetirilsə, o zaman bunun üçün həmin şəxs patent və qonorar alır. Bu isə təhsil pilləsi sayılmır. Avropada doktoranturanın ikinci pilləsi- elmlər doktoru üzrə qəbul artıq keçirilmir.

Azərbaycanda elmi adların verilməsi sırf formal xarakter daşıyır

Ölkəmizdəki fəlsəfə və elmlər doktoru pillələri Rusiyadakı doktorantura sisteminə uyğunlaşdırılıb.  Rusiya və Azərbaycanda eyni qalan da Ali Attestasiya Komissiyasıdır. Xaricdə elmi adları universitetlər verir. Beynəlxalq qaydalarda müdafiə şurasına konkret mövzunu bilən 5-6 nəfər cəlb olunur, real iş aparılır. Hamı mövzunu, söhbətin nədən getdiyini dərindən bilir. Bizdə isə müdafiə şuralarımızın formalaşması prinsipi də köhnədir, formaldır. Elmi müdafiə şurasına onlarla mövzu haqqında çox səthi biliyi olan adamlar yığılır, elmi adların verilməsi sırf formal xarakter daşıyır. AAK-a göndəriləcək sənədlərin səhifə sayının dissertasiyanın öz həcmindən az olması yalnız təəccüb doğuracaq hal olar.

Keyfiyyətdən çox kəmiyyətin qayğısına qalan Ali Attestasiya Komissiyası (AAK) insanların əsəbi və cibi ilə oynayan şərtlərlə işini aparır

Dissertasiya səhifələrinin sayı humanitar elmlər üçün ən azı 120-130 səhifə olmalıdırsa (texniki elmə aid dissertasiyalarda bundan az da ola bilər), AAK-a göndərilən sənədlərin ümumi səhifəsi çox zaman 170-180 və daha artıq olur. Keyfiyyətdən çox kəmiyyətin qayğısına qalan AAK-ın dissertasiyanın ikinci müzakirə, müzakirələrdən sonrakı seminar və müdafiə protokollarına qoyulan tələbləri də şübhəsiz bununla izah olunur. Həmin protokolların mətnindən çox, onun neçə səhifədən ibarət olması əsas tutulur. Səhifələrin sayı AAK-ın son qərarına görə 15-dən az olmamalıdır. Təsəvvür edin ki, dissertasiya işin 150 səhifədir, ilkin müzakirədən iki rəy, sonrakı müzakirədən iki rəy, seminardan iki rəy, üstəgəl avtoreferatlara rəylər, müdafiədən sonra rəylər, protokol, protokoldan çıxarış, protokola rəy və sairə proseslərdən sonra 200 səhifəyə yaxın sənədlər alınır. Bura məqalələrin surətini və digər sənədləri əlavə etsək, AAK sadəcə insanların əsəbi və cibi ilə oynayan şərtlərlə işini aparır.

Rəhmətlik Sabir düz deyirdi, əcnəbilər göydə balonla gəzir, biz isə avtomobilə belə minməmişik…

Protokolları hazırlayan elmi dərəcə namizədləri bir həftə ərzində eyni protokolu 5-6 dəfə dəyişmək, yenidən işləmək məcburiyyəti qarşısında qalırlar. AAK-nın “peşəkar mütəxəssisləri” bu və ya digər başlığın bu və ya digər cümləsindəki sözünün yazılışı üzərində dəfələrlə düşünərək, qəti qərara gəlməkdə çətinlik çəkdikləri üçün nümunə nüsxələri də tez-tez dəyişirlər. Fəlsəfə doktoru və elmlər doktoru prosesi də demək olar ki, eynidir. Sadəcə elmi işin həcmləri, məqalələrin sayı və ən əsası xaricdə çoxsaylı məqalələrə görə fərqlənir. Azərbaycan elmində elə mövzular var ki, nəinki dünya elmində öz sözümüzü demək, heç bazardan kartof belə almağa dəyməz. Lazımsız mövzular, lazımsız araşdırmalar nə qədər olar axı….ELM yenilik sevir. Bir mövzunu ora-bura çevirib neçə adam müdafiə etməlidir axı.

Mövzularından xəbəri olmayan şəxslər elmlər doktoru adını neynəyirlər axı?

Azərbaycanda son 5 ildə elmlər doktoru adını alanların siyahısına baxsaz görərsiz ki, elmlər doktorunu qoruyub saxlamaq kimlərə sərf edir. Məmurlar, deputatlar, məmur xanımları, baldızlar, bacılar, qaynanalar, qaynatalar, əmilər, dayılar….bəs ALİMLƏR? AMEA-da o qədər dəyərli alimin sənədləri AAK-da qala-qala məmur və biznesmenlərin diplomları bəh-bəhlə verilir. Mövzularından xəbəri olmayan bu şəxslər elmlər doktoru adını neynəyirlər axı? Öləndə qəbrin üstünə elmlər doktoru-professor yazılsın. Heç onlardan soruşan da yoxdur ki, sənə dövlət mühüm vəzifə verib, necə vaxt tapdın elmi tədqiqatı aparmağa? Hansı kitabxanada oldun, hansı arxivdə çalışdın? Hansı elmi müəssisədə müzakirələrdə iştirak elədin? Əsl alimlər isə zülm çəkirlər, AAK isə imperiyasına ancaq qeyri-alimləri daxil etməkdə davam edir.

Elmdə zamandan çox geridə qalmışıq

Sürətlə dəyişən dünyaya uyğunlaşa bilmirik. Dünyadan, inkişaf etmiş elm mərkəzlərindəki vəziyyətdən çox səthi biliklərə malik olanlar Azərbaycanda elmi adların verilməsində SSRİ-nin qalıqlarını qorumaqda davam edirlər. Bizim isə ölkə başçısından ümidlərimiz var, elmlər doktoru kimi lazımsız bir əlavəni mütləq aradan qaldırmalı, elmin gəncləşməsinə dəstək olmalıdır. Biz elmlər doktoru prosesində itirdiyimiz 5-10 ili elmi tədqiqatlar aparıb xaricin nüfuzlu jurnallarında nəşr edilməyə, kitablar yazmağa, elmi dünyaya çıxartmaqla məşğul olmalıyıq”.

Gülşən Şərif / Redaktor.az