"Yaralı əsgərimizi Dövlət Sərhəd Xidməti Akademiyasına qəbul etmək olar" - Millət vəkilindən TƏKLİF

 18:37 19.07.2019     1220

Bu ilin əvvəlindən Ermənistan-Azərbaycan sərhəd xəttində sərhəddin Milli Ordunun deyil, Dövlət Sərhəd Xidmətinin əsgərlərinin qoruması birmənalı qarşılanmamışdı.

Redaktor.az bildirir ki, millət vəkili Aydın Mirzəzadə ötən gün Qazax rayonunun II Şıxlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin mövqelərinin Ermənisan tərəfindən atəşə tutulması və hərbçimizin yaralanması hadisəsini şərh edərkən deyib.  Millət vəkili hesab edir ki, sərhəd olmasına baxmayaraq əslində bu, qonşu ölkə ilə əsl cəbhə xəttidir:

“Qarşı tərəfdə Ermənistan ordusu keçik çəkir, erməni hərbiçiləri vaxtaşırı Azərbaycan ərazisini atəşə tutur, düşmən tərəfdən ərazimizə təxribatçı qruplar göndərilir. Ona görə də ilk dövrlərdə Ermənistanla cəbhə xəttində sərhədçilərin yerləşdirilməsi barədə suallar səslənirdi. Ancaq ötən müddət sərhədçilərin öz üzərilərinə düşən vəzifəni yüksək məsuliyyətlə yerinə yetirdiklərinin şahidi olduq. Hadisə barədə məlumat daxil olan kimi DSX rəisi general-polkovnik Elçin Quliyevin bölgəyə yollanması, şəraitə qiymət verməsi isə olduqca əhəmiyyətli addım idi. Mövqemiz bir daha yoxlanıldı, müvafiq tapşırıqlar verildi, ən əsası isə yaralının müalicəsi ciddi nəzarətə götürüldü”.

Millət vəkili vurğulayıb ki, son hadisələr zamanı yayılan görüntülər müstəqil dövlətimizin biri general, biri sıravi rütbədə olmaqla iki əsgərinin sıx birlik görüntüsü hesab edilə bilər:

“Generalın yaralı əsgərin başından öpməsi şəkli bu gün saytlarda və sosial şəbəkədə geniş yayılmaqdadır. Belə igid əsgər bu gün Azərbaycan gəncləri üçün bir nümunədir, gənc nəslin torpaqlarımızın qorunması uğrunda qətiyyətinin simvoludur. Əsgəri xidmət müddətini axıracan çəkmək istəyən yaralı əsgər, bugünkü reallığımızın yetirməsidir. Fikrimcə, belə qəhrəman əsgəri istisna hal kimi imtahansız Dövlət Sərhəd Xidməti Akademiyasına qəbul da etmək olar”.

Firuzə Vahid / REDAKTOR.AZ