Miras əmlakından kimlərə pay verilə bilər? - Əgər, 3 il ərzində...

Ölkəmizdə ən çox məhkəmə predmeti olan problemlərdən biri vərəsəlik mövzusudur.
Əvvəllər vərəsəlik valideynlərin sağlığında ailə daxilində bölüşdürüldü. Müasir dövrümüzdə isə bu məsələnin həlli daha çox məhkəmə müstəvisində tapılır. Xüsusən də vərəsəlik hüququndan məlumatsız olan insanlar tək çarəni məhkəməyə müraciət etməkdə görür.
Görəsən, vətəndaş hansı hallarda vərəsəlik hüququna sahib olur?
Bu barədə Vəkillər Kollegiyasının üzvü, vəkil Roman Qaraşov Redaktor.az-a məlumat verib.
Vəkil bildirib ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər:
“Mülki qanunvericiliyə görə, vərəsəlik anlayışı altında ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa vərəsələrə keçməsi başa düşülür (Mülki Məcəllə M.1133.1.). Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur və yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
Mülki Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər.
Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktiki başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.
Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:
Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). İkinci növbədə - ölənin bacıları və qardaşları. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları.
Nikahı ləğv etmiş ər-arvad bir-birindən sonra vərəsə ola bilməzlər.
Qanun üzrə vərəsəlik zamanı növbəlikdə, əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktik xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər.
Bu şəxslər vəsiyyət üzrə vərəsə ola bilməz.
Miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağrılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz. Bir şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Şəxsin ləyaqətsiz vərəsə sayılması barəsində iddianı maraqlı şəxslər həmin şəxsin mirasa sahibliyə başladığı andan beş il ərzində irəli sürməlidirlər.
Müəyyən hallarda vərəsələri olmayan əmlak dövlətə keçir.
Qanun və vəsiyyət üzrə vərəsə yoxdursa və ya vərəsələrdən heç biri mirası qəbul etməmişdirsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum edilmişdirsə, vərəsələri olmayan əmlak dövlətə keçir. Miras qoyan şəxs qocalar, əlillər və sağlamlıq imkanları məhdud uşaqlar üçün müəssisələrin, müalicə, tərbiyə və sosial təminat müəssisələrinin təminatında olmuşdursa, onların mülkiyyətinə keçir.
Vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilmişdirsə və vərəsələrdən birinə təyin edilmiş pay mirasın hamısından ibarətdirsə, vəsiyyət üzrə bütün vərəsələr bərabər paylar almalıdırlar.
Vəsiyyət üzrə vərəsəlik zamanı fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Vəsiyyətnamənin qüvvədən düşmüş sayılması barədə iddia mirasın açıldığı gündən iki il ərzində irəli sürülə bilər. Vəsiyyət edən miras hesabına hər hansı öhdəliyin bir və ya bir neçə şəxsin xeyrinə icra olunmasını vərəsəyə həvalə edə bilər (vəsiyyət tapşırığı - leqat). Vəsiyyət tapşırığını alan vəsiyyət tapşırığının miras açılan gündən hesablanan üç illik iddia müddəti ərzində icra olunmasını tələb edə bilər.
Vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin payları bütövlükdə mirasın hamısını əhatə etmirsə, vəsiyyətnamədən kənarda qalmış əmlaka qanun üzrə vərəsəlik həyata keçirilir.
Vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmayıbsa, bu cür vərəsəlik əmlakın bir hissəsinin vəsiyyət edildiyi qanun üzrə vərəsələrə də aid olunur. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır.
Vərəsə olan şəxslər bütün hallarda mirasın qanuni şəkildə qəbul edilməsi üçün təxirəsalınmadan tədbirlər görməlidir.
Qanuna əsasən, mirasın qəbul edilməsinə qədər mirasın açıldığı yerdəki notariat orqanı, zərurət olarsa, mirasın qorunması üçün tədbirlər görür. Həmin qayda vərəsənin məlum olmadığı və ya onun mirası qəbul edib-etməməsinin bilinmədiyi hala da şamil edilir. Vəsiyyətnamənin qüvvədən düşmüş sayılması barədə iddia mirasın açıldığı gündən iki il ərzində irəli sürülə bilər. Yalnız fizioloji (bioloji), yəni təbii və ya patoloji (qeyri-təbii) ölüm vərəsəlik hüquqi baxımından əhəmiyyət kəsb edir, yəni mirasın açılmasına – vərəsəlik hüquq münasibətinin yaranmasına səbəb olur. Klinik ölüm halının isə mülki-hüquqi, o cümlədən vərəsəlik hüququ baxımından əhəmiyyəti və mənası yoxdur. Ona görə ki, bu cür ölüm halında geriyə dönməz proseslər baş vermir və fiziki şəxsin yaşamaq qabiliyyəti tam bərpa olunur. Vərəsə olan şəxslər mirasın qanuni şəkildə qəbul edilməsi üçün müvafiq tədbirlər görməsə, həmin əmlaklara dair hüquqlarının pozulması halı ilə qarşılaşa və uzunmüddətli məhkəmə mübahisələrinə getməyə məruz qalacaqlar”.
Gülşən Şərif / Redaktor.az