Keçid balları ciddi şəkildə QALXDI - Plan yerləri ARTIRILMALIDIR

 10:47 10.08.2019  2984

Ali məktəblərə ixtisas seçimlərinin nəticələri artıq bəllidir.

Bu il ümumilikdə Azərbaycan və rus bölməsi üzrə birgə 58289 nəfər abituriyent və subbakalavr ixtisas seçimini təsdiq edib. Builki imtahan nəticələrinə əsasən, növbəti il hansı dəyişikliklərin edilməsi zəruridir?

Təhsil eksperti Kamran Əsədov Redaktor.az-a açıqlamasında bildirib ki, bu il III ixtisas qrupu üzrə keçid balları ciddi şəkildə qalxdı:

“2018-ci ildə il III ixtisas qrupunda qeydə alınmış ən aşağı bal Azərbaycan Dillər Universitetində (ADU) tərcümə alman dili idi. Bu ixtisaslar üzrə keçid balı 200 bal idi.  Bu il o ixtisasın keçid balı 455 bal oldu. Beləliklə,  255 bal qalxma baş verdi. Digər qruplarda, xüsusi ilə I və II eyni zamanda IV ixtisas qrupu üzrə isə ballar azaldı. Tibb Universiteti Müalicə işi üzrə ödənişli keçid balı 575.40, dövlət sifarişi üzrə 578.70 oldu. Bu da keçən illə müqayisədə azadır”.

Ekspert bildirib ki, bu il ali məktəblərə qəbul imtahanlarından sonra yüksək keçid balı Bakı Ali Neft Məktəbində (BANM) qeydə alınıb. Belə ki, 673 bal informasiya təhlükəsizliyi ixtisasının keçid balı olub:

“Bu il müvafiq olaraq ali təhsil müəssisələrinə qəbul üzrə müsabiqədə 47847 plan yeri uğrunda 58294 nəfər abituriyent və subbakalavr mübarizə aparırdı. Bu isə o deməkdir ki, 10447 nəfər hazırda plan yerindən kənarda qalır. Bu göstəriciyə təxminən 3000-ə yaxın düzgün seçim etməyərək qəbul ola bilməyən abituriyentlərin də sayı daxildir. Bu il təxminən 13447 nəfər qəbul ola bilməyən abituriyent və subbakalavr olacaq”.

K. Əsədov  növbəti tədris ilindən plan yerlərinin sayının artırılmasının vacib olduğunu qeyd edib:

“Çünki Azərbaycanda ali təhsil müəssisəsinə daxil ola bilməyənlər xarici ölkələrə üz tutur. Bu isə ölkənin maddi cəhətdən ziyana uğraması və  eyni zamanda beynin axınının itirilməsi deməkdir. Eyni zamanda III ixtisas qrupuna  Beynəlxlaq münasibətlər, Regionşünaslıq kimi ixtisar əlavə olunmalıdır”.

Gülşən Şərif / Redaktor.az