Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi silahlı şəxslərə qarşı əməliyyat keçirib

 14:47 13.08.2019     817

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları  tərəfindən üzərilərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxslərə qarşı bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Nazirliyin mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, daxil olan məlumat əsasında Şirvan şəhər sakini  Nadir Babayev saxlanılıb. Onun əlindəki idman çantasına baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov”  tipli avtomat silah, daraq və 7 ədəd patron aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində silah-sursatın ona məxsus olduğunu etiraf edib.

Baş İdarə əməkdaşlarının Şirvan şəhərində keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində şəhər sakini Amid Abdullayev də saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd istifadəyə yararlı “Makarov” tipli tapança aşkar olunaraq götürülüb.

Qeyd edilən hər 2 faktla bağlı Baş İdarədə cinayət işləri başlanılıb. Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.