Bayram günlərində daşınan sərnişinlərin sayı AÇIQLANDI

 16:00 14.08.2019     1282

Qurban bayramı günlərində - avqust ayının 8-dən 13-ü günün sonuna qədər respublikanın 56 avtovağzal və avtostansiya kompleksindən ümumilikdə 96747 nəfər sərnişin daşınıb.

Redaktor.az xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova deyib.

N.Allahyarova vurğulayıb ki, sərnişinlərdən 18365 nəfəri dünən regionlardan paytaxta qayıdanlar olub:

“Ümumilikdə, bayram günləri ərzində hər gün 450-ə qədər reys xəttə olub. Həmin reyslərin 250-si müntəzəm, 200-ə yaxın reys qeyri-müntəzəm marşurut xətlərində olub, 40-a yaxın reys isə beynəlxalq daşımalara cəlb edilib”.

N.Allahyarova vurğulayıb ki, ötənilki Qurban bayramı günləri ilə müqayisədə bu il Azərbaycandan Moskvaya, Batumiyə və İstanbula gedən sərnişinlərin sayında sıxlıq müşahidə olunub.