Bakıda itkin düşən bacı-qardaş Bərdədə tapılıb - YENİLƏNİB

 15:30 16.08.2019     3466

Bakıda itkin düşən bacı-qardaş Bərdə rayonunda tapılıb.

Redaktor.az-ın məlumatına görə, polis əməkdaşları azyaşlıları qohumlarına təhvil veriblər.

Uşaqların anası Çiçək Abbasova bildirib ki, övladları Bərdə rayonu ərazisində tapılıblar: “Uşaqları evimdə qonaq etdiyim Gözəl adlı xanım oğurlayıb. Hal-hazırda uşaqlar Bərdədədir. Bərdədə qohumlarım var orada qalacaqlar. Mən də indi Bakıdan çıxıb Bərdəyə gedirəm”.

***

Saat 14:42

Bakıda itkin düşən bacı-qardaşın oğurlandığı iddia olunur.

Bu iddianı itkin düşən uşaqların anası Çiçək Abbasova səsləndirib. O, qeyd edib ki, uşaqların oğurlanmasına dair şübhələri barədə polisə də məlumat verib: “Bundan iki gün əvvəl işlədiyim kafeyə bir qadın gəldi. Onun yanında azyaşlı uşaq var idi. Adını Gözəl kimi təqdim edən həmin qadın ac olduğunu bildirdi. Onu kirayədə yaşadığım evə apardım, yemək verdim. Onlar gecəni bizdə qaldılar. Mən səhər işə gedəndə qadın hələ bizdə idi. Axşam evə qayıdanda gördüm ki, uşaqlarım yoxdur. Dərhal hadisə ilə bağlı polisə məlumat verdim. Uşaqlarımın həmin qadın tərəfindən oğurlanmasından şübhələnirəm. Övladlarımın tezliklə sağ-salamat tapılacağına ümid edirəm”.

Ç.Abbasova qeyd edib ki, hadisə ilə bağlı Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi tərəfindən araşdırma aparılır.

***

Saat 09:38

Bakıda azyaşlı bacı-qardaş itkin düşüb.

Redaktor.az-ın xəbərinə görə, Binəqədi rayonu 3-cü mədən, korpus 76 ünvanında yaşayan 2012-ci il təvəllüdlü Mirzəyev Rahil Rahim oğlu və 2013-cü il təvəllüdlü Mirzəyeva Mələk Rahim qızı həyətdə oynadıqları zaman itkin düşüblər. Hadisə baş verən vaxt uşaqların anası işdə olub.

Uşaqların itkin düşməsi ilə bağlı Binəqədi rayon Polis İdarəsinin 43-cü polis bölməsinə müraciət olunub.

Uşaqlarla bağlı hansısa məlumatı olanlardan 055-904-99-99 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.//Apa.az

2