Təyyarə quşla toqquşdu, ön şüşə parçalandı - VİDEO

 16:47 22.08.2019     286

Bir neçə saat əvvəl Müdafiə Nazirliyi Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsinin qəza səbəbiylə bağlı bəyanat yaydı.

Müdafiə Nazirliyi təyyarənin qara qutusunun tədqiqatından sonra qəzaya səbəbin təyyarə ilə toqquşan quş və ya quş sürüsünün ola biləcəyi qənaətinə gəlib.

“Hadisənin başvermə səbəblərinin öyrənilməsi onu da göstərib ki, təyyarə Xəzər dənizinə düşməzdən əvvəl havada yad cisimlə (quş və ya quş dəstəsi) toqquşub və pilot xəsarət alıb. “Qara qutu”dan əldə edilən məlumatlara əsasən pilot qəzanın qarşısını almaq məqsədilə təyyarənin idarəolunmasını bərpa etməyə cəhd göstərib. Lakin pilotun aldığı ağır bədən xəsarəti bunu mümkünsüz edib və nəticədə aviasiya vasitəsinin qəzaya uğramasına gətirib çıxarıb”, - bəyanatda bildirilib.

Bəyanatdan dərhal sonra sosial şəbəkələrdə bu versiyanı şübhə altına almağa çalışanlar oldu. Lakin bənzər qəzalar dünyanın başqa ölkələrində də yaşanıb.

Kanada Hava Yollarına məxsus kiçik sərnişin təyyarəsinin quşla toqquşması nəticəsində ön şüşəsinin düşməsiylə bağlı təqdim etdiyimiz videodan da göründüyü kimi, bu halın baş verməsi mümkündür. Quşun ön şüşəylə toqquşmasından sonra şüşənin necə qırılması aydın görünür. Bundan sonra pilot elə də ağır xəsarət almadan uğurla təyyarəni yerə endirə bilir.

Yüngül mühərrikli təyyarələrin sürəti saatda 200-300 kilometr təşkil etdiyi halda MiQ-29 üçün bu göstərici maksimum 2450 kilometr/saatdır. Zərbənin gücü hətta kiçik quşla belə sürətdə toqquşma zamanı 100-150 tona bərabər olur ki, bundan da pilotun sağ qurtulma şansı praktik olaraq sıfıra bərabər olur.//Axar.az