"Müəllimlərin işə qəbulu üzrə müsahibələrdə 2 632 namizəd iştirak edib"

 13:12 23.08.2019     271

Avqustun 23-də Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsini izləyib.

Təhsil Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, bu gün müsahibə mərhələsinin son günüdür. Müsahibələrdə biologiya, fransız dili, texnologiya və təsviri incəsənət müəllimi olmaq istəyən 736 namizədin  iştirakı gözlənilir. 

Məhəbbət Vəliyeva bildirib ki, avqustun 19-dan etibarən keçirilən müsahibələrdə 2 632 namizəd iştirak edib. Nazir müavini 2019-2020-ci tədris ili üçün müsabiqəyə respublika üzrə ümumilikdə 7 mindən artıq vakant yer çıxarıldığını qeyd edib.   

Təhsil nazirinin müavini bildirib ki, bu il məktəbdə psixoloq vəzifəsində işləyənlər də müsahibə komissiyasının tərkibinə üzv olaraq cəlb edilib və məqsəd hər bir namizədin ixtisas, pedaqoji, eləcə də metodiki biliklərlə yanaşı, psixoloji vəziyyətinin qiymətləndirilməsinə nail olmaqdır. 

Qeyd edək ki, müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılır. Həmçinin namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim etməlidirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən edilir.