Masazırın küçələrini "ZİBİL BASIB" - Qurumlar hara baxır? / RƏSMİ CAVAB

 11:32 30.08.2019     1774

Abşeron rayonunun Masazır qəsəbəsində yaşayan sakinlər sözün əsil mənasında “zibilə düşüblər”.

Redaktor.az-a daxil olan məlumata əsasən, əvvəllər sakinlər məişət tullantılarını qəsəbənin əsas və bəzi ara küçərələrində yerləşdirən zibil qutularına atırdılar. Təxminən 2 həftədən çoxdur zibil qutuları yığışdırıldığı üçün sakinlər məişət tullantılarını küçələrə atır. Bu da qəsəbədə antisanitar vəziyyət formalaşdırıb.

Maraqlıdır, sakinlər tullantıları hara atsın?

Məsələylə bağlı Redaktor.az-a açıqlama verən Abşeron Rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Seymur Qasımbəyli bildirib ki, məişət tullantılarının daşınması üçün təxminən bir həftə əvvəl yeni bir şirkətlə müqavilə bağlanıb. Şirkət artıq sakinlərin bir qisminə sellofan torbalar da paylayıb. Onlar həftədə 2-3 dəfə həmin evlərə bir-bir yaxınlaşıb, məişət tullantılarını yığırlar. Tullantıları evlərindən götürülməyən sakinlər bununla bağlı Masazır Bələdiyyəsi və icra nümayəndəsinə müraciət edə bilərlər.

Sakinlər hazırda evlərinin qarşısında qalaqlanmış zibillərin toplanılmasını gözləyirlər. Məsələ diqqətimizdədir...

Xəyalə Məmmədova / REDAKTOR.AZ

2222