YAP nazirləri jurnalistlərin önünə çıxarır

 13:15 03.09.2019     238

“Bütün nazirlər, dövlət strukturlarının rəhbər şəxsləri Yeni Azərbaycan Partiyasının İcra Katibliyində keçiriləcək mətbuat konfranslarında aktiv iştirak edəcəklər”.
Redaktor.az bu barədə YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev danışıb. O qeyd edib ki, bir neçə il əvvəl partiya tərəfindən həyata keçirilən mətbuat konfransları ənənəsi davam etdiriləcək:
“Mövcud qərargahda texniki  şərait imkan verdiyinə görə, konfransların bərpasını nəzərdə tutmuşuq. Mətbuat konfransları nəticəsində dövlət strukturlarının rəhbər şəxsləri ilə KİV arasında aktiv təmas qurulacaq. Bununla həm də mətbuatın bu sahədə fəaliyyəti daha da asanlaşacaq. Layihənin əsas məqsədi Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin uğurları, bütün sahələrini əhatə edən möhtəşəm islahatlar, əhalinin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində atılan məqsədyönlü addımlar haqqında Azərbaycan vətəndaşlarına daha mötəbər, operativ və dolğun informasiyanın çatdırılmasıdır”.

H.Paşayev onu da əlavə edib ki, bütün elektron və ənənəvi mətbuatın nümayəndələri konfranslarda iştirak edə bilərlər:
“Təbii ki, mətbuat konfranslarının işıqlandırılması qarşı tərəfin də istəyi ilə həyata keçiriləcək”. 

Yeni Azərbaycan Partiyasının İcra Katibliyi partiyanın mənzil qərargahında keçirilən ənənəvi mətbuat konfranslarının bərpası haqda qərar qəbul edib. Sentyabrın 10-da ilk mətbuat konfransı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin iştirakı ilə keçiriləcək.//Modern.az